Ceyhun Bayramov: Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında heç bir ərazi iddiası yer almır
Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır.
TodayPress xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana cavabında deyib.
Mirzoyan analoji Konstitusiya iddialarının Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmasının mümkün olduğunu, lakin İrəvanın belə bir addım atmadığını bildirib.
Nazir Ceyhun Bayramov cavabında bildirib ki, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq hər hansı ərazi iddiası yer almır və əgər belə bir fakt olsaydı Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı.
Ceyhun Bayramov vurğulayıb ki, Konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir.
Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz.
Bu baxımdan sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq.
Nazir bu baxımdan Ermənistanın müvafiq Konstitusiya dəyişikliyinin sülh razılaşmasının imzalanmasından öncə baş verməli olduğunu vurğulayıb.
tag: Ceyhun Bayramov,XİN,Antalya ,Forum,Todaypress.az,