Bəhreyn Kralı Leyla Əliyeva və Arzu Əliyevanı qəbul etdi
Bəhreynin Kralı Həməd
bin İsa Al Xəlifə Bəhreyn Krallığında səfərdə olan Heydər Əliyev Fondunun
nümayəndə heyətini qəbul edib.
TodayPress-in xəbərinə görə, Leyla Əliyeva və Arzu
Əliyeva ilə görüşdə iki ölkə arasında mövcud əlaqələr, dostluq və əməkdaşlıq
münasibətləri, bu əlaqələrin genişləndirilməsi üzrə layihələr, o cümlədən
Heydər Əliyev Fondunun beynəlxalq layihələri müzakirə olunub.
Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini bir daha Kral Həməd bin
İsa Al Xəlifəyə çatdırıb.
Kral Həməd bin İsa Al Xəlifə Azərbaycanın və Azərbaycan
Prezidenti İlham Əliyevin regionda və dünyadakı nüfuzunu xüsusi qeyd edərək
ölkəmizdə həyata keçirilən bərpa-quruculuq işlərini yüksək qiymətləndirib.
Həməd bin İsa Al Xəlifə Bakıda keçirilən COP29 tədbirinin
uğurla təşkili münasibətilə bir daha Azərbaycanı təbrik edib və ölkəmizin
beynəlxalq tədbirlərə daim yüksək səviyyədə ev sahibliyi etdiyini, bu
beynəlxalq layihələrin həyata keçirilməsinə Azərbaycanın göstərdiyi müntəzəm
dəstəyi xüsusi vurğulayıb.
Görüşdə Azərbaycan və Bəhreyn arasında davam edən siyasi
dialoqun iqtisadiyyat və mədəniyyət sahələrində də əməkdaşlığa təkan olduğu
bildirilib.
Qeyd edilib ki, MAMA “Ana təbiət” beynəlxalq incəsənət
layihəsinin bir aya yaxın müddətdə paytaxt Manamada təqdim olunması ölkələrimiz
arasında sıx mədəni əlaqələrin mövcudluğuna bariz nümunədir. 2024-cü ildə
Bakıda Heydər Əliyev Mərkəzindəki təqdimatından sonra Bəhreyn bu beynəlxalq
layihəyə ev sahibliyi edən ilk ölkədir. Bildirilib ki, mədəni layihələr
Azərbaycan və Bəhreyn arasında dövlət səviyyəsində mövcud əlaqələrin daha da
genişlənməsinə, xalqlarımız arasında münasibətlərin dərinləşməsinə öz töhfəsini
verəcək. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müxtəlif sahələri əhatə edən beynəlxalq
layihələrinin əhəmiyyəti qeyd olunub.
Görüşdə Heydər Əliyev Fondunun digər ölkələrdə həyata
keçirdiyi humanitar layihələr, o cümlədən Leyla Əliyeva və Arzu Əliyevanın Fondun
təhsil və mədəniyyətin inkişafı üzrə layihələrdəki fəaliyyətləri xüsusi
vurğulanıb.
tag: Leyla Əliyeva, Arzu Əliyeva, Həməd bin İsa Al Xəlifə , Bəhreyn, Heydər Əliyev, Fond, todaypress.az,