Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddəki “Mexrli” məktəbi ilə tanış oldular
Xarici siyasət
23.08.2024 16:50
Azərbaycan Respublikasının
birinci xanımı Mehriban Əliyeva və Özbəkistan Respublikasının birinci xanımı
Ziroatxon Mirziyoyeva avqustun 23-də Daşkənddə “Mexrli” məktəbi ilə tanış
olublar.
TodayPress xəbər verir ki, birinci xanımlara məktəb barədə məlumat
verildi.
Bildirildi ki, Uşaq
Hematologiya, Onkologiya və Kliniki İmmunologiya Mərkəzinin nəzdində fəaliyyət
göstərən məktəbdə fasiləsiz və keyfiyyətli təhsili təmin etmək məqsədilə uzun
müddət xəstəxanada müalicə alan və adi məktəbə və ya uşaq bağçasına gedə bilməyən
uşaqlara məktəbəqədər, o cümlədən ümumi orta təhsil verilir. Məktəb həm də
valideynlərin bu prosesə cəlb edilməsi ilə uşaqların tam reabilitasiyasına və
sosiallaşmasına şərait yaradır. Tədris prosesində sırf rəqəmsallaşdırılmış dərslik
və kitablardan istifadə olunur.
Qeyd edildi ki, Mərkəzdə
müalicə alan 1-11-ci sinif şagirdləri üçün ümumi orta təhsil 12 fənn üzrə həyata
keçirilir. Məktəbin yaradıcılıq studiyasında uşaqlara musiqi və təsviri incəsənət
fənləri öyrədilir.
Sonra birinci xanımlar
uşaqlarla görüşdülər və onların əl işləri ilə tanış oldular.
Sonda xatirə şəkli çəkdirildi.
tag: Mehriban Əliyeva, Ziroatxon Mirziyoyeva,Daşkənd, Özbəkistan, todaypress.az,