Azərbaycan XİN rəhbəri türkiyəli həmkarı ilə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etdi
Xarici siyasət
06.07.2024 00:54
İyulun 5-də Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şuşa şəhərində keçirilən
Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Görüşü, habelə TDT Xarici
İşlər Nazirləri Şurasının İclası çərçivəsində Türkiyənin xarici işlər naziri
Hakan Fidan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat
xidmətindən TodayPress-ə bildirilib ki, görüş zamanı Azərbaycan və Türkiyə
arasında mövcud müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, çoxtərəfli
formatlar çərçivəsində əməkdaşlıq, habelə regional və beynəlxalq təhlükəsizlik
məsələləri müzakirə olunub.
Azərbaycan-Türkiyə müttəfiqliyinin
siyasi, təhlükəsizlik, iqtisadi, enerji, bağlantılar, humanitar aspektləri üzrə
qarşılıqlı fəaliyyət, birgə layihələr və əldə olunmuş inkişafların regional
sabitlik və əməkdaşlığa ciddi töhfələr verdiyi vurğulanıb.
Müttəfiqliyimizin inkişafında
iki ölkənin liderləri arasında mövcud yüksək səviyyəli siyasi dialoqun əsas rol
oynadığı, habelə müvafiq dövlət qurumları və qanunverici orqanların nümayəndələrinin
intensiv səfər və təmaslarının ciddi töhfəsi olduğu bildirilib.
İki ölkə arasında qardaşlıq,
dostluq və həmrəyliyə əsaslanan müttəfiqlik münasibətlərini təsbit edən Şuşa Bəyannaməsinin
imzalandığı Şuşa şəhərinin TDT-nin qeyri-rəsmi Zirvə Görüşünə ev sahibliyi
etdiyi məmnunluqla qeyd olunub.
Nazir Ceyhun Bayramov xarici
siyasətimizdə Türk dünyası və TDT istiqamətinin tutduğu əhəmiyyətli yerdən bəhs
edərək Zirvə Görüşünün Təşkilat çərçivəsində əməkdaşlığın inkişafı və gücləndirilməsinə
töhfə verəcək sənəd və qərarların qəbulu ilə yadda qalacağına ümidvar olduğunu
söyləyib.
TDT ilə yanaşı, digər regional
və beynəlxalq təşkilatlar, o cümlədən müxtəlif çoxtərəfli formatlar çərçivəsində
əməkdaşlığın intensivləşməsinin əhəmiyyəti qeyd olunub. Bu istiqamətdə, cari
ilin 3 iyul tarixində Azərbaycan-Türkiyə-Pakistan liderlərinin, habelə 15 mart
tarixində Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli
görüşlərinin regional və qlobal təhlükəsizlik və əməkdaşlıq məsələləri üzrə
qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından faydalı olduğu bildirilib.
Nazir Ceyhun Bayramov, həmçinin
postmünaqişə dövründə mövcud regional vəziyyət, işğaldan azad olunmuş ərazilərdə
aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə fəaliyyəti,
habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin durumu barədə
qarşı tərəfi ətraflı məlumatlandırıb.
Sülh prosesinin qarşısında
duran çağırışların, o cümlədən ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı
davam edən və Ermənistan Konstitusiyasında iddiaların, üçüncü dövlətlər tərəfindən
Ermənsitanın hərbiləşməsinə töhfə verərək regional sabitliyə hədə törədən
addımların hələ də qalmaqda olduğu diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
tag: XİN, Türkiyə, Hakan Fidan, TDT, todaypress.az,