Azərbaycan və AEBA arasında əməkdaşlıq sənədi imzalandı

Xarici siyasət

25.09.2024 09:58

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Atom Enerji üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.

Görüşdə C.Bayramov Azərbaycanın nüvə təhlükəsizliyini və onun möhkəmləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəklədiyini qeyd edərək, nüvə enerjisinin yayılmaması və dinc məqsədlərlə istifadə edilməsində AEBA-nın təftiş sisteminin əvəzsiz rolunu vurğulayıb.

Daha sonra tərəflər arasında beşillik (2024-2029-cu illər - Qeyd) AEBA ilə Texniki Əməkdaşlıq sahəsində Azərbaycan Respublikası üçün Ölkə Proqramı Çərçivəsi sənədi imzalanıb.

Qeyd edək ki, sənəd texniki əməkdaşlıq fəaliyyətləri vasitəsilə dəstəklənəcək qarşılıqlı razılaşdırılmış prioritet inkişaf ehtiyaclarını və maraqlarını müəyyən edir.

tag: Azərbaycan ,AEBA, Texniki Əməkdaşlıq ,Ceyhun Bayramov , Azərbaycan Xarici İşlər Nazirliyi , Rafael Qrossi ,todaypress.az,