Azərbaycan-Pakistan biznes forumu keçirildi- YENİLƏNDİ
Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes-forumda çıxış ediblər.
Əvvəlcə Azərbaycan
Prezidenti çıxış etdi.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli cənab Baş nazir, əziz qardaşım.
Xanımlar və cənablar.
Əziz qardaşım, Sizi
Azərbaycanda bir daha salamlayıram. Şadam ki, Sizin dövlət səfəriniz
çərçivəsində böyük şirkət nümayəndələrinin iştirakı ilə Bakı şəhərində
biznes-forum təşkil edilib. Forum bizim ikitərəfli gündəliyimizi əks etdirir və
bu gün cənab Baş nazirlə müzakirə etdiklərimizin nümunəsidir. Biz çox məmnunuq
ki, siyasi sahədə ikitərəfli münasibətlərimiz müstəsna səviyyədədir. Eyni
zamanda, biz təəssüfləndik ki, ikitərəfli ticarətimiz siyasi səviyyədəki
əməkdaşlığımıza uyğun gəlmir. Bu gün artıq verilən mesajlar, bizim
müzakirələrimiz daha geniş çərçivə yaradacaq ki, şirkətlər arasında fəal
əməkdaşlıq olsun və ticarətimiz artsın. Bizim bunda marağımız var və biz hesab
edirik ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri biznes dairələri üçün
yaxşı bir platforma olmalıdır. Bəzən bizim daha fəal biznes təmaslarımıza mane
olan məsələ planlarımız, iqtisadi gündəliyimiz, infrastruktur layihələri ilə
bağlı məlumatın olmamasıdır. Həmin boşluğu doldurmaq üçün bu cür toplantılar
çox vacibdir. Çünki biznes-forum çərçivəsində müxtəlif təqdimatlar keçirilir,
biznes imkanları təqdim edilir, hüquqi formatlar, vergi və gömrüklə bağlı
məsələlər müzakirə olunur. Bunun hamısı biznes dairələri və işgüzar insanlar
üçün çox vacibdir ki, onlar yeni bazarlara daxil olsunlar. Əminəm ki,
Azərbaycandakı biznes mühiti və bizim hökumətimizin səyləri sayəsində xarici və
daxili sərmayənin cəlb edilməsi haqqında kifayət qədər məlumat verilib. Bu da
xalqımız və dövlətimiz üçün geniş imkanlar yaradıb ki, yeni iş yerləri açılsın
və zəruri infrastruktur qurulsun. Gözəl siyasi münasibətlərimiz, əlbəttə ki,
qarşılıqlı sərmayə səviyyəsində öz əksini tapmalıdır.
Ötən ilin yayında mənim Pakistana səfərim zamanı biz bəyan etdik ki, Azərbaycan Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları həcmində sərmayə yatıracaq. Bizim heyətlər bu istiqamətdə gərgin çalışıb və ötən ilin noyabrında mənim əziz qardaşımın COP29 çərçivəsində Bakıya səfəri zamanı biz bunu bir daha müzakirə etdik, konkret layihələr müəyyənləşdirdik və onlar hazırda nəzərdən keçirilir. Bu səhər də keçirdiyimiz görüşlər nəticəsində iqtisadi sektora məsul olan şəxslərə mən müvafiq təlimatlar verdim ki, onlar tezliklə Pakistana səfər etsinlər. Biz belə bir qərara gəldik ki, bir ay ərzində bütün bu işlərlə bağlı razılıqlar əldə olunsun. Ümid edirəm ki, Novruz bayramından sonra, - o, mart ayının sonuna təsadüf edir, - biz artıq əhəmiyyətli nailiyyətlər görəcəyik.
Biz enerji sahəsində də maraqlıyıq. Enerji ilə bağlı infrastruktur sahəsinə maraq göstəririk və yeri gəlmişkən, bu gün bizim enerji şirkətlərimiz bir sıra sənədlər imzalamışdır ki, bu da praktik əməkdaşlıq elementinə çevriləcəkdir. Enerji sahəsində əməkdaşlıq, - bu gün bu sahəyə maye qaz daxildir, - əminəm ki, daha da genişlənəcək və növbəti sahələri əhatə edəcəkdir.
Eyni zamanda, biz nəqliyyat sektorunda da imkanları nəzərdən keçirdik. Azərbaycan öz ərazisində iki mühüm beynəlxalq dəhlizi təşviq edir – Şərq-Qərb və Şimal-Cənub. Azərbaycan hər iki dəhlizin marşrutu üzərində yerləşir, fəal üzvdür və bağlantı nöqtələrini yaratmaqla biz daha geniş imkanlar təqdim edə biləcəyik. Bununla bağlı nəqliyyat sahəsinə məsul olan şəxslərə müvafiq təlimatlar verilib ki, regional əməkdaşlığa daha geniş yanaşaq, limanlarımız, dəmir yolu qurumları arasında təmaslarımız yaransın və daha geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq təmin edilsin.
Eyni zamanda, biz bu gün müdafiə sənayesi sahəsində çox gözəl əməkdaşlığımızı müzakirə etdik. Biz artıq birgə istehsal müəssisələri məsələsi üzərində işləyirik. Bunun üçün çox böyük potensial var. Eyni zamanda, bizə məlumdur ki, Pakistanın çox inkişaf etmiş əczaçılıq sahəsi var. Mənə verilən məlumata görə, Pakistanda istehsal olunan 90 adda məhsul Azərbaycanda qeydiyyatdan keçirilib. Bizim bu sahədə də birgə istehsal müəssisələrinin yaradılması təklifimiz olacaqdır.
Biz digər sahələrdə də çox böyük potensial görürük. Bunun üçün çox böyük əsas var. O da bizim iki ölkə arasında olan qardaşlıq və qarşılıqlı siyasi iradədir. Bunun nəticəsində biz işgüzar əlaqələrimizi də siyasi səviyyəyə bərabər inkişaf etdirə bilərik.
Bir daha, əziz
qardaşım, Azərbaycana səfər etdiyinizə görə Sizə təşəkkür edirəm. Təşəkkür
edirəm ki, Sizi biznesmenlərdən ibarət çox böyük nümayəndə heyəti müşayiət
edir. Siz vətəninizə gəlmisiniz. Biz də, eyni zamanda, Sizin gözəl ölkənizdə
olarkən özümüzü evimizdəki kimi hiss edirik. Biz əziz qardaşımla verdiyimiz
bütün təlimatların tam icra olunacağına əminik. Aprel ayında sənədlərin hazır
olmasını gözləyirik.
X X X
Sonra Pakistanın Baş
naziri çıxış etdi.
Baş nazir Məhəmməd Şahbaz Şərifin
çıxışı
-Təşəkkür
edirəm, əziz qardaşım, Zati-aliləri İlham Əliyev, Azərbaycan Respublikasının
Prezidenti.
Hörmətli nazirlər,
Azərbaycanı və Pakistanı təmsil edən dövlət rəsmiləri, əlbəttə ki, olduqca məşhur
şirkətləri təmsil edən iş adamları.
Xanımlar və cənablar, hər vaxtınız xeyirli olsun.
Əziz qardaşım İlham
Əliyevin çox gözəl ifadə etdiyi kimi, bizim iki qardaş ölkə arasında
münasibətlərimiz çox əladır, mən hətta cənab Prezidentin bu barədə dediklərinə
nəsə əlavə etməyə söz tapmıram. Ancaq onu deməliyəm ki, bu münasibətlər,
səmimiyyət, məqsədyönlü şəkildə irəli aparılan, qarşılıqlı etimada əsaslanan
bir münasibətdir. Bunun onilliklərlə tarixi var və əlbəttə ki, iki xalq
arasında rəğbət və məhəbbətə əsaslanır. Əziz qardaşım Prezident İlham Əliyevin
də Pakistan xalqına və Pakistan dövlətinə böyük rəğbəti var. Mən hər zaman
çalışıram ki, onun bu məsələdə əzminə bərabər səylər göstərim. Ancaq cənab
Prezident hər zaman məndən öndə gedir və onun səyləri nəticəsində bu gün bu cür
gözəl münasibətlərimiz var.
Bu gün biz mühüm bir
nailiyyət əldə etmişik. Çox gözəl və məhsuldar görüşümüz oldu. Nümayəndə
heyətləri öz aralarında görüşdülər. Biz bütün məsələləri müzakirə etdik və
qərara gəldik ki, çox aydın bir fəaliyyət planımız olsun. Çox şadam ki, avqust
ayında həm Pakistandan, həm də Azərbaycandan nümayəndələrin iştirak etdiyi bir
tədbir təşkil ediləcək. Təəssüf olsun ki, bu gün ticarətimiz 14 milyon dollara
bərabərdir və bu, qətiyyən bizim siyasi səviyyədə olan münasibətlərimizi əks
etdirmir. Bu gün biz artıq bəyan edə bilərik ki, sərmayələri qısa bir zamanda 2
milyard dollar səviyyəsinə çatdıracağıq. Bu, sadəcə, bəyanat deyil. Məsələn,
Pakistandan idxal olunan “Basmati” düyüsünə Azərbaycanda əziz qardaşımın
tapşırığına əsasən, tətbiq edilən rüsum aradan qaldırılıbdır və əminəm ki,
Azərbaycanda istehsal olunan müəyyən məhsullar var ki, biz də onların
Pakistanda satışını təşviq edə bilərik. Biz tarifləri aşağı sala bilərik. Bizim
kommersiya nazirimiz burada əyləşibdir.
Əlbəttə, maye qaz daha
bir əmtəədir və bu məsələ də bizim ticarət gündəliyimizə daxil edilə bilər.
Əlbəttə, JF17 hərbi qırıcı təyyarəmiz var və Azərbaycanla Pakistan həmin
təyyarə ilə bağlı fəal işlər aparır. Xanımlar və cənablar, onu da bəyan edə
bilərəm ki, biz gündəlik əsasda səylərimizi səfərbər etsək, 2 milyard dollar
həcmində ticarət dövriyyəsinə nail ola bilərik.
Daha növbəti bir xəbər
ondan ibarətdir ki, əziz qardaşım bunu qeyd etdi. Bu, 2 milyard dollar həcmində
sərmayə bəyanatı cənab Prezidentin Pakistana sonuncu səfəri zamanı verilib və
bu gün bildirdik ki, müvafiq heyətlər tərəfindən artıq bir çox gözəl işlər
görülüb. Mən bu fəaliyyəti təqdir edirəm. Ancaq ortada müəyyən boşluqlar
qalmaqdadır, ona görə biz son tarixi müəyyən etmişik ki, aprel ayında cənab
Prezidenti İslamabadda salamlayacağıq və həmin 2 milyardla bağlı sazişlər
imzalanacaq.
Onu da qeyd etməliyəm
ki, əziz qardaşım, Sizə minnətdaram, bu, həqiqətən də qarşılıqlı faydalı işlər
olacaqdır. Hər iki ölkə bundan fayda görəcəkdir. Ancaq biz bunu tərəfinizdən
çox böyük bir jest kimi qəbul edirik və bunu heç vaxt unutmayacağıq. Eyni
zamanda, mən Azərbaycan heyətinə təşəkkür etmək istəyirəm. Öz heyətimizə də
təşəkkür etmək istəyirəm ki, artıq böyük işlər görülüb. Əminəm ki, Fars
körfəzinin və Xəzər dənizinin suları birləşəcək. Bu, ölkələrimiz arasında mühüm
bir sinerji və enerjidir. Həqiqətən də bu, bizim qardaşlıq münasibətlərimizi
daha yüksək səviyyəyə, misilsiz səviyyəyə qaldıracaq.
Daha bir məsələni qeyd
etmək istərdim. Zati-aliləri, Siz onu artıq qeyd etdiniz. Bu, məlumatın
qıtlığıdır və ya məhdud məlumatın verilməsidir. Çünki burada işgüzar dairələr
bildirməlidir ki, Azərbaycan Pakistana və Pakistan Azərbaycana nələri təqdim
edə bilər, nə təklif edə bilər? Bir daha qeyd edim ki, burada tariflərlə, kənd
təsərrüfatı, informasiya texnologiyaları ilə bağlı məlumat verilməlidir. Ona
görə də bu gün bəyan etmək istərdim ki, biz Azərbaycanda daimi İnformasiya
Məlumat Bürosu təsis edəcəyik. Bu, hər bir avadanlıqla tam təchiz edilən bir
mərkəz olacaq. Burada süni intellekt vasitəsilə də Pakistan haqqında hər bir
məlumat təqdim ediləcək. Əminəm ki, çox səmərəli bir layihə olacaq. Mənim
həmkarlarım buradadır, məni eşidirlər. Eyni zamanda, cənab Prezident, Siz də
məsul şəxslər müəyyən edəcəksiniz və bu, güclü bir mexanizm olacaq. Sadəcə, bu,
bir nümunədir və bizim səylərimizə çox böyük töhfə verəcək.
Bundan əlavə, müdafiə
sənayesi sahəsində əməkdaşlığa gəldikdə, bizim bu sahəmiz çox inkişaf edib. Biz
uzun illərdir əməkdaşlıq edirik, ancaq zamanı yetişib ki, biz birgə istehsal
müəssisələri yaradaq - Azərbaycan-Pakistan birgə müəssisələri yaradılsın.
Nümayəndə heyəti tezliklə - aprel ayında Pakistana səfər edərkən bu,
gündəliyimizdə duran başlıca məsələ olacaq. Əziz qardaşım, Siz Pakistana
gələndə artıq biz məhz bu sahədə də müqaviləyə imzalarımızı ata biləcəyik.
Şimal-Cənub dəhlizi məsələsinə gəldikdə, bizim burada səmərəli nəqliyyat
sistemi olmasa, bu sahədə hədəflərimizə nail ola bilmərik. Bunun üçün isə bu
gün səmərəli müzakirələrimiz olub. Bu məsələ geniş tərkibdə müzakirə edildi və
biz Sizin baxışınızı tam dəstəkləyirik. Sizi əmin edirəm ki, Pakistanın Qvadar
limanı bu işdə həlledici rol oynaya bilər, həm ixrac, həm də idxal baxımından.
Ona görə də mən təklif edirəm ki, biz diqqətimizi bu məsələyə də yönəldək. Əziz
qardaşım, Sizi əmin etmək istərdim ki, biz bu sahədə də Sizinlə çox sıx
əməkdaşlıq edəcəyik.
Azərbaycanın Ticarət
Palatasının İslamabadda nümayəndəliyi təsis edilib və bu da imkan verəcək ki,
bizim ikitərəfli ticarətimiz inkişaf etsin. Cənab Prezident, bu da Sizin
baxışınıza uyğundur və biz də Pakistan Ticarət Palatasının nümayəndəliyini
Bakıda təsis edəcəyik. Bu iki palata sıx əməkdaşlıq edərək bir-birini
qarşılıqlı şəkildə məlumatlandıra və potensial sərmayəçilərə də əlavə
informasiya verə bilər.
Əziz qardaşım, Sizin
vaxtınızı çox almaq istəmirəm. Bir daha Sizə təşəkkür etmək istəyirəm. Bu
sahədə əzminizə və bu məsələyə sadiqliyinizə görə, Sizi tam səmimiyyətlə əmin
etmək istərdim, mən əlimdən gələni edəcəyəm ki, Sizin əzmkarlıq səviyyənizə
çatım və bu əlaqələri gücləndirim. Vaxt gələcək ki, Azərbaycan, Türkiyə və
Pakistan arasında səylər üçtərəfli şəkildə müzakirə ediləcək və burada çox
böyük imkanlar var. Vacib məsələ iradədir, əzmkarlıqdır, o da bizdə var.
Yaşasın Azərbaycan-Pakistan dostluğu!
X X X
Prezident
İlham Əliyev: Əziz
qardaşım, təşəkkür edirəm. Bizim qısa – təqribən 10 dəqiqəlik təqdimatımız var.
Mən ötən ilin yayında qardaş ölkəyə səfər edərkən biz cənab Baş nazirlə
müzakirə apardıq ki, Azərbaycan Pakistanın müasirləşdirilməsində və müəyyən
tarixi abidələrin bərpasında hansı dərəcədə iştirak edə bilər. O vaxtdan bizim
heyət orada idi və Pakistan tərəfi ilə razılaşdırılmış şəkildə fəaliyyət
göstərirdi. Hesab edirəm ki, bu gün o təqdimatı görmək hər kəs üçün maraqlı ola
bilər. Bu, bizim qardaşlıq münasibətlərimizə verə biləcəyimiz qısa, kiçik
töhfədir.
Baş
nazir Məhəmməd Şahbaz Şərif: Əziz qardaşım tərəfindən
İslamabada göndərilmiş ekspertlər heyətini qeyd etməyə bilmərəm. Bildiyiniz
kimi, İslamabad çox gözəl şəhərdir və dağ ətəyində yerləşir. Həmin ekspertlər
orada gözəl işlər görürlər. Həm bizim şəhərimizi yaşıllaşdırırlar, həm də
landşaftla bağlı müəyyən işlər görürlər. Hesab edirəm ki, bu, İslamabadı daha
da gözəlləşdirəcək. Əlbəttə, o, gözəllik baxımından Bakının bərabəri ola
bilməz, ancaq ən azı onunla rəqabətə girməyə başlayacaq. Bir daha dərindən
təşəkkür edirəm.
X X X
Sonra
“Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov rəhbərlik etdiyi
qurumun Pakistanın paytaxtında həyata keçirdiyi təmir-bərpa layihələri barədə
məlumat verdi. Qeyd etdi ki, “Bakı Abadlıq Xidməti” tərəfindən İslamabadda icra
olunan layihələrdən biri yekunlaşıb, üç layihə üzrə isə işlər davam edir.
***
17:55
Fevralın 24-də Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif biznes forumda çıxış ediblər.
tag: Azərbaycan-Pakistan ,Forum,İlham Əliyev,Prezident,Todaypress.az,

