Azərbaycan Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzaladı
Xarici siyasət
03.07.2024 21:37
Şanxay Əməkdaşlıq Təşkilatının
Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan
Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın
qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.
TodayPress Bəyannaməni
təqdim edir:
“Azərbaycan Respublikası ilə
Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında
BİRGƏ BƏYANNAMƏ
Azərbaycan Respublikası və Çin
Xalq Respublikası (bundan sonra “Tərəflər” adlanır) yekdilliklə hesab edirlər
ki, diplomatik münasibətlərin qurulduğu 2 aprel 1992-ci ildən etibarən iki ölkə
arasında ikitərəfli əməkdaşlıq müxtəlif sahələrdə səmərəli nəticələr verib.
Tərəflər beynəlxalq və
regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni
sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti
gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional
və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair
razılıq əldə ediblər.
1.0. Tərəflər strateji tərəfdaşlıq
qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik,
etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər
bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı
olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər.
1.1. Tərəflər ərazi bütövlüyünə
və suverenliyə qarşılıqlı hörmət, hücum etməmək, daxili işlərə qarışmamaq, bərabərlik,
qarşılıqlı fayda və dinc birgəyaşayışa sadiqliyi təsdiqləyirlər. Azərbaycan tərəfi
“Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin
mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə
qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi
olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə
çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını,
habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.
Çin tərəfi Azərbaycan tərəfinin
təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və konfrontasiyanın
saxlanmasına yönəlmiş geosiyasi intriqaları qeyri-səmərəli hesab edir.
1.2. Tərəflər terrorizm,
separatizm və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər
yaratdığını və bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq
üçün ümumi səylərin birləşdirilməsini tələb etdiyini vurğulayırlar.
1.3. Tərəflər milli xüsusiyyətlərinə
uyğun seçilmiş inkişaf yolu boyunca bir-birilərinə qətiyyətli dəstək verməyə
davam edəcək, ümumi inkişaf və firavanlığa nail olmaq üçün əməkdaşlıq etməyə
hazırdırlar.
1.4. Tərəflər milli, eləcə də
regional və qlobal təhlükəsizliyin ən vacib məsələləri ilə bağlı sıx əlaqə və
koordinasiya saxlamağa, etimadı möhkəmləndirməyə, öz dövlətinin ərazisindən hər
hansı bir qüvvənin digər tərəfə qarşı hərəkət etmək üçün istifadə etməsinə
imkan verməməyə hazırdırlar.
1.5. Tərəflər Azərbaycan və
Çinin siyasi və ictimai strukturları arasında mübadilə və əməkdaşlığın iki ölkə
arasında münasibətlərin inkişafına və daha da dərinləşməsinə töhfə verdiyini
vurğulayırlar. Tərəflər Azərbaycanın hakim siyasi partiyası ilə Çin Kommunist
Partiyası arasında mübadilə və əməkdaşlığın möhkəmlənməsini dəstəkləyirlər.
1.6. Tərəflər ikitərəfli əlaqələrin
genişləndirilməsi və inkişafında Azərbaycan və Çin qanunverici orqanları
arasında əməkdaşlığın mühüm rolunu qeyd edirlər. Tərəflər bu kontekstdə iki ölkənin
qanunverici orqanları arasında müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə, o
cümlədən müvafiq beynəlxalq və regional təşkilatlar çərçivəsində mübadilə və əməkdaşlığın
fəallaşmasını vurğulayırlar.
1.7. Tərəflər iki ölkənin
hökumətləri arasında kommunikasiya və fikir mübadiləsi mexanizmlərini aktivləşdirməyə,
inkişaf məsələlərinə dair siyasi dialoqu gücləndirməyə ehtiyac olduğunu hesab
edirlər.
1.8. Tərəflər hüquqi sahədə bərabərlik,
qarşılıqlı fayda və hörmətə əsaslanan əməkdaşlığı gücləndirməyə və təcrübə
mübadiləsini həyata keçirməyə hazır olduqlarını təsdiqləyirlər.
1.9. Tərəflər, tərəflərdən
birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və strateji münasibətlərinə
xələl gətirən hər hansı bir hərəkətdən çəkinirlər.
1.10 Tərəflər qarşılıqlı
razılıq əsasında müntəzəm olaraq hər iki ölkənin Xarici İşlər nazirlikləri
vasitəsilə siyasi məsləhətləşmələr aparırlar.
2.0. Tərəflər iki ölkə
arasında ticarət-iqtisadi əlaqələrin davamlı və dinamik inkişafını yüksək qiymətləndirir
və ticarət, sərmayə və mühəndislik layihələri sahəsində qarşılıqlı fəaliyyəti
daha da gücləndirmək üçün Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq
Komissiyası mexanizminin rolunu artırmağa davam etməyə, o cümlədən Azərbaycan-Çin
ticarət-iqtisadi əməkdaşlığının yüksək səviyyədə inkişafına nail olmaq məqsədilə
nəqliyyat və kommunikasiyalar, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal
iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrin həyata keçirilməsinin
təşviqinə diqqət yetirməyə hazırdırlar.
2.1. Azərbaycan və Çin güclü
iqtisadi tamamlayıcılıq, sənayeləşmə və investisiya sahəsində əməkdaşlığı
artırmaq üçün böyük potensiala malikdirlər. Tərəflər Azərbaycan və Çin arasında
sənayeləşmə və investisiya üzrə əməkdaşlıq mexanizmindən tam istifadə edəcək,
baxış, planlaşdırma və siyasət sahəsində əlaqələri artıracaq, Azərbaycan və Çin
şirkətlərinin fəaliyyətini dəstəkləyəcək, enerji, o cümlədən neft və qaz
hasilatı və emalı, yaşıl enerji və nəqliyyat infrastrukturu, informasiya və
telekommunikasiya, rəqəmsal iqtisadiyyat, əlvan metallar, tikinti materialları
və s. kimi prioritet sahələrdə əməkdaşlığı fəal şəkildə təşviq edəcək, bazar
iqtisadiyyatı prinsipi əsasında iki ölkə arasında əməkdaşlığı reallaşdıracaq və
hər iki ölkə və onların xalqları üçün faydalı nəticələr əldə edəcəklər.
2.2. Tərəflər ikitərəfli ticarətin
həcmini daha da artırmağa, əmtəələrin strukturunu optimallaşdırmağa və malların
bazarlara çıxışını asanlaşdırmağa hazır olduqlarını bildirirlər. Çin Azərbaycanın
Çin Beynəlxalq İdxal Ekspo, Çin idxal və ixrac malları sərgisi, Çin beynəlxalq
xidmət ticarət sərgisi və digər böyük sərgilərdə fəal iştirakını alqışlayır. Azərbaycan
Çinin aparıcı şirkətlərinin ADEX beynəlxalq hərbi sərgisində və Azərbaycan ərazisində
keçirilən digər iri sərgi və forumlarda iştirakını alqışlayır. Çin Azərbaycanın
tematik təqdimatlar keçirməsini və Çin ərazisində açılan ticarət mərkəzləri və
milli pavilyonlar, eləcə də Çin elektron ticarət şəbəkələri ilə əlaqə qurmasını
dəstəkləyir.
2.3. Tərəflər iki ölkənin
inkişaf strategiyalarının birləşdirilməsini gücləndirməyə, “Bir kəmər, bir yol”
çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə, Azərbaycan və
Çin hökumətləri arasında beynəlxalq multimodal daşımaların inkişafına dair
Sazişin imzalanması prosesini sürətləndirməyə hazır olduqlarını bildirirlər.
2.4. Tərəflər öz ərazilərindən
keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin
təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək,
milli qanunvericilik və ikitərəfli sazişlər çərçivəsində tranzit daşımalar üçün
əlverişli şərait yaradacaqlar.
2.5. Tərəflər intellektual nəqliyyat
sistemlərinin texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı
fəaliyyətinin potensialının ardıcıl inkişafına, habelə beynəlxalq nəqliyyat
marşrutlarının fasiləsiz və tammiqyaslı fəaliyyəti üçün texniki-iqtisadi şəraitin
təmin edilməsinə istiqamətlənirlər.
2.6. Tərəflər Hökumətlərarası
Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyası çərçivəsində investisiya əməkdaşlığı
üzrə işçi qrupunun yaradılmasını dəstəkləyirlər. Tərəflər, həmçinin öz müəssisələrinin
Azərbaycan və Çində qarşılıqlı investisiya qoyuluşu və biznesin inkişafında, o
cümlədən onların rezident qismində Azərbaycan və Çinin azad iqtisadi
zonalarının və sənaye parklarının fəaliyyətində qarşılıqlı iştirakını dəstəkləyirlər.
Çin Azərbaycan və Çin arasında neft və qaz, neft-kimya, eləcə də yaşıl enerji,
elektrik enerjisi, yüksək texnologiyalar və innovasiyalar, süni intellekt və
kosmik sahədə sərmayə əməkdaşlığının inkişafını alqışlayır. Tərəflər iki ölkənin
müəssisələri üçün əlverişli şərtlər və lazımi şərait yaratmağa, iki ölkənin əməkdaşlıq
layihələrinin və müəssisələrinin heyətinin təhlükəsizliyini birgə təmin etməyə
hazır olduqlarını bildirirlər.
2.7. Çin tərəfi Trans-Xəzər
Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal
iştirak etməyə, Çin-Avropa və əks istiqamətdə Cənub dəhlizinin yük qatarları
üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə
Azərbaycanla və marşrutboyu yerləşən digər ölkələrlə daha sıx işləməyə,
regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər
yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə
təmin etməyə hazır olduğunu bildirir.
2.8. Çin tərəfi Birləşmiş Millətlər
Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasının (UNFCCC COP29) Azərbaycanda keçirilməsini
alqışlayır və Azərbaycanın Konfransda müsbət nəticələrin əldə olunmasının təşviqində
sədrlik rolunu dəstəkləyir. Tərəflər iqlim dəyişikliyi ilə mübarizədə, o cümlədən
yaşıl enerji sahəsində əməkdaşlığa, iki ölkənin müəssisələrini yeni enerji mənbələrinə
əsaslanan yeni istehsal, enerjinin saxlanması, yeni enerjidaşıyıcıları,
elektrik enerjisinin ötürülməsi, enerjiyə qənaət və emissiyaların azaldılması və
s. kimi yaşıl və aşağı karbonlu texnologiyalar sahələrində əməkdaşlığı dərinləşdirməyə
təşviq etməyə, təmiz enerji sahələrində əməkdaşlıq üçün qlobal tərəfdaşlığın
qurulmasını birgə təşviq etməyə hazır olduqlarını bildirirlər.
3.0. Tərəflər ticarət-iqtisadi
sahədə hüquqi bazanın təkmilləşdirilməsini müzakirə etməyə, ticarət və
investisiya prosedurlarının liberallaşdırılması və sadələşdirilməsi üçün
institusional mexanizmin yaradılması imkanlarını fəal şəkildə araşdırmağa hazır
olduqlarını bildirirlər. Tərəflər ÜTT-nin himayəsi altında çoxtərəfli ticarət
sisteminə güclü dəstəyi təsdiqləyirlər. Çin tərəfi Azərbaycanın beynəlxalq çoxtərəfli
ticarət sisteminin inkişafı və əməkdaşlığında fəal iştirakını, eləcə də Azərbaycanın
ÜTT-yə daxil olma prosesi çərçivəsində həyata keçirdiyi tədbirləri dəstəkləyir.
3.1. Tərəflər regionlar
arasında əlaqələrin genişləndirilməsini, həmçinin media və informasiya mübadiləsi
sahəsində əməkdaşlığı dəstəkləyirlər.
3.2. Tərəflər elm və
texnologiya sahəsində qarşılıqlı faydalı əməkdaşlığın tərəqqisini fəal şəkildə
təşviq etməyə hazır olduqlarını bildirirlər.
3.3. Tərəflər hesab edirlər
ki, təhsil sahəsində əməkdaşlıq sabit şəkildə inkişaf edir. Tərəflər təhsil sahəsində
əməkdaşlıq haqqında saziş və təhsil sənədlərinin və elmi dərəcələrin qarşılıqlı
tanınması haqqında saziş çərçivəsində kadr və dil mübadiləsini, eləcə də
universitetlər arasında qarşılıqlı əlaqəni həyata keçirirlər. Tərəflər ali təhsil
müəssisələrinin birgə alyansının yaradılması məsələsini müzakirə edəcəklər.
3.4. Tərəflər dil mübadiləsi
sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir, təhsil müəssisələrində Azərbaycan
və Çin dillərinin tədrisini təşviq edəcək və müəllimlər arasında mübadilələri və
mütəxəssislərin hazırlanması təcrübəsini inkişaf etdirəcək, həmçinin Konfutsi
İnstitutlarının inkişafına dəstək verəcəklər.
3.5. Tərəflər mədəniyyət sahəsində
əməkdaşlığın səviyyəsinin artırılması, qarşılıqlı əsasda Azərbaycan və Çinin mədəniyyət
günlərinin keçirilməsi barədə razılığa gəlib və qarşılıqlı olaraq mədəniyyət mərkəzlərinin
təsis edilməsi ilə bağlı məsləhətləşmələr aparmağa hazır olduqlarını bildirirlər.
3.6. Tərəflər turizm sahəsində
əməkdaşlığı gücləndirməyə və turizmin ümumi inkişafına töhfə verməyə hazır
olduqlarını bildirirlər. Çin Azərbaycanın illik Çin beynəlxalq turizm yarmarkasında
və digər turizm sərgilərində iştirakını, habelə Azərbaycan tərəfinin turizmin
inkişafı, eləcə də iqtisadi, humanitar və mədəni əlaqələrin daha da genişləndirilməsi
məqsədilə Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejimin
tətbiq edilməsi barədə qərarını alqışlayır. Tərəflər bundan sonra da vətəndaşların
qarşılıqlı səfərlərinin asanlaşdırılmasına töhfə verəcəklər.
3.7. Tərəflər səhiyyə, idman və
gənclər sahələrində əməkdaşlığı dərinləşdirməyə, kino, media və beyin mərkəzləri
sahələrində əməkdaşlığı gücləndirməyə hazır olduqlarını bildirirlər.
3.8. Tərəflər dayanıqlı
inkişaf naminə əməkdaşlığı gücləndirməyə hazırdırlar.
3.9. Tərəflər yüksəkkeyfiyyətli
və tam məşğulluğun təmin edilməsi, sosial təminat sisteminin təkmilləşdirilməsi
və əhalinin rifahının yüksəldilməsi üçün ixtisaslı kadrların hazırlanması məqsədilə
mübadiləni gücləndirməyə hazır olduqlarını bildirirlər.
4.0. Tərəflər aktual beynəlxalq
problemlər üzrə qarşılıqlı fəaliyyət göstərir, o cümlədən ikitərəfli səviyyədə,
həmçinin qarşılıqlı maraq doğuran məsələlər üzrə beynəlxalq təşkilatlar və
forumlar çərçivəsində konstruktiv əməkdaşlığı dərinləşdirirlər.
4.1. Tərəflər Birləşmiş Millətlər
Təşkilatının himayəsi altında beynəlxalq sistemi birgə dəstəkləyəcək, beynəlxalq
hüquqa əsaslanan beynəlxalq qaydaya, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə
söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət edəcəklər. Azərbaycan
və Çin hegemonluğa və güc siyasətinə qarşıdır. Tərəflər real çoxtərəfliliyə
sadiqdir, Birləşmiş Millətlər Təşkilatının beynəlxalq məsələlərdə konstruktiv
rolunu dəstəkləyir, həmçinin BMT çərçivəsində əməkdaşlığı gücləndirməyə davam
etməyə hazırdır. Tərəflər bəşəriyyətin ümumi dəyərlərinin – sülh, inkişaf, bərabərlik,
ədalət, demokratiya və azadlığın təşviqinin tərəfdarıdırlar, eyni zamanda, bəşəriyyətin
vahid taleli cəmiyyətinin və yeni beynəlxalq münasibətlər sisteminin
yaradılmasını dəstəkləyirlər.
4.2. Azərbaycan və Çin inkişaf
etməkdə olan ölkələr kimi əməkdaşlığı gücləndirməyə və inkişaf etməkdə olan ölkələrin
ümumi maraqlarını birgə müdafiə etməyə hazırdırlar.
4.3. Tərəflər hesab edirlər
ki, xalqın xoşbəxt həyatı insanın ən böyük hüququdur, insan hüquqlarının təşviqi
işi xalqyönümlü olmalıdır. Tərəflər insan hüquqlarının qorunmasının bütün ölkələrin
suverenliyinə hörmət kimi sarsılmaz prinsiplərə əsaslanmalı olması mövqeyindən
çıxış edir və insan hüquqları ilə bağlı məsələlərin siyasiləşdirilməsinə və
ikili standartların tətbiq edilməsinə qarşı çıxırlar. Tərəflər insan
hüquqlarının müdafiəsi bəhanəsi altında hər hansı dövlətin daxili işlərinə
müdaxiləyə qarşı çıxır, təhlükəsizliyin təmin edilməsi, inkişaf yolu ilə insan
hüquqlarının irəlilədilməsi, əməkdaşlıq və dialoq yolu ilə insan hüquqlarının təbliğini
dəstəkləyirlər, insan hüquqları sahəsində qlobal mexanizmlərin daha bərabərhüquqlu,
ədalətli, səmərəli və tolerant məcrada inkişafına birgə yardım edəcəklər.
4.4. Azərbaycan Çinin təklif
etdiyi qlobal inkişaf, qlobal təhlükəsizlik və qlobal sivilizasiya təşəbbüslərini
dəstəkləyir və 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyinin icrasını sürətləndirmək
və beynəlxalq və regional təhlükəsizlik və sabitliyi birgə qorumaq üçün bu təşəbbüslər
çərçivəsində əməkdaşlıqda fəal iştirak etməyə hazır olduğunu bildirir. Çin mədəniyyətlərarası
dialoqun təşviqi üçün qlobal platforma kimi Azərbaycanın “Bakı Prosesi” təşəbbüsünü
və onun çərçivəsində toplanan Ümumdünya Forumları ilə bağlı səylərini dəstəkləyir.
4.5. Çin tərəfi Azərbaycanın
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini
alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir.
Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında
Azərbaycanın iştirakını alqışlayır.
3 iyul 2024-cü il”.
tag: Astana, Azərbaycan, Çin, Bəyannamə, todaypress.az,