Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürdü
Aprelin 1-də Cenevrə şəhərində Azərbaycanın
təşəbbüsü və əsas həmmüəllifliyi ilə BMT-nin İnsan Hüquqları Şurası
çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi
qətnamə layihəsi irəli sürülüb.
Bu barədə TodayPress-ə Xarici İşlər Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ)
58-ci sessiyası çərçivəsində “Minalar, insan hüquqları və ətraf mühitin
deqradasiyası - mina qurbanlarına effektiv yardım” mövzusunda keçirilən yüksək
səviyyəli tədbirdə qətnamə layihəsi barədə məlumat verilib.
Azərbaycanın BMT-nin Cenevrə Bölməsi nəzdinəki Daimi
Nümayəndəliyi və Universal Rights Group (URG) beynəlxalq təşkilatı tərəfindən
birgə təşkil olunmuş tədbir BMT-dəki daimi nümayəndəliklər, insan hüquqları
sahəsindəki nüfuzlu qurum və ekspertlər, həmçinin beynəlxalq media
nümayəndələrinin iştirakı ilə keçirilib.
Tədbirdə əsas məruzə ilə çıxış edən Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri Elşad
İskəndərov Azərbaycanın əsas həmmüəllif qismində irəli sürdüyü “Piyadalar
əleyhinə minaların bütün insan hüquqlarından tam istifadə edilməsinə təsiri”
adlı qətnamə layihəsinin BMT İnsan Hüquqları Şurasının gündəliyinə daxil
olduğunu elan edib.
Daha əvvəl mövzu üzrə ilk dəfə xüsusi hesabatın İHŞ-da
təqdim edildiyi, BMT-də bir sıra paralel tədbirlər və məsləhətləşmələr təşkil
olunduğu, ötən il Azərbaycanın təşəbbüsü ilə İHŞ-nın 57-ci sessiyasında
yayılmış Birgə bəyanatın 65 ölkə tərəfindən dəstəkləndiyi diqqətə çatdırılıb.
Ermənistanın işğalı nəticəsində Azərbaycan torpaqlarının
Avropada minalarla ən çox çirklənmiş ikinci ərazi olduğunu vurğulayan Elşad
İskəndərov, post münaqişə dövründə 383 vətəndaşımızın mina partlayışında həyat
və sağlamlıqlarının itirdiyini, ümumilikdə isə Azərbaycanda 4 000 yaxın mina
qurbanı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən qətnamənin həm-müəllifi Əlcəzairin,
həmçinin Qambiyanın BMT Cenevrə Bölməsindəki Daimi nümayəndələri, BMT-nin İnsan
Hüquqları Pozuntuları üzrə Məruzəçisi, səfir Yvette Stevens və digər natiqlər,
minalarla mübarizə sahəsində beynəlxalq əməkdaşlıq imkanları, qarşılıqlı
təcrübə mübadiləsi və mina qurbanlarına yardımın mümkün beynəlxalq mexanizmləri
ətrafında fikir mübadiləsi aparıblar.
Tədbir çərçivəsində çıxış edən hüquqşünas və Beynəlxalq
İnsan Hüquqları Müşavirləri (IHRA) təşkilatının təsisçisi Ben Kit tərəfindən
“Mina Ədaləti” (Campaign for Landmine Justice) kampaniyasının rəsmi təqdimatı
da həyata keçirilib. Kampaniyanın başlıca məqsədi mina qurbanlarının
hüquqlarının təmin edilməsi məqsədilə beynəlxalq Həmrəylik mexanizminin
yaradılmasına nail olmaqdır.
tag: Cenevre, BMT, Mina, XİN, Azərbaycan, Beynəlxalq, Təşkilat,