Astanada Azərbaycan və Qazaxıstan prezidentlərinin görüşü keçirildi - YENİLƏNDİ
Xarici siyasət
03.07.2024 22:00
İyulun 3-də Astanada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti
Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.
TodayPress xəbər verir ki,
görüşdə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dedi:
-Hörmətli İlham Heydər oğlu.
Sizi Astanada səmimi-qəlbdən
salamlayıram. Sizi görməyimə şadam. Bakıya, Şuşaya səfərimi daim xatırlayıram.
Həqiqətən bu, dönüş yaradan, mühüm, mübaliğəsiz demək olar ki, həm də öz əhəmiyyətinə
görə tarixi səfər idi. Danışıqlar əsnasında qarşılıqlı fəaliyyətimizin, hətta
deyərdim ki, bir sıra strateji sahələrdə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin
gələcək inkişafına böyük impuls verdik. Mübaliğəsiz deyə bilərik ki, əməkdaşlığımız,
qarşılıqlı fəaliyyətimiz strateji əhəmiyyət daşıyır.
Sizi qonaq qismində Şanxay Əməkdaşlıq
Təşkilatının Zirvə toplantısında görməkdən məmnunam. Bəlkə də bir müddət sonra
Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz
etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir.
Qazaxıstanda Sizi Azərbaycanın
şəksiz Lideri, görkəmli dövlət xadimlərindən biri kimi tanıyırlar. Açıq deyirəm
ki, biz Qazaxıstanda Sizin ölkənizdə baş verən bütün dəyişiklikləri böyük
maraqla izləyirik, bu dəyişikliklərə ürəkdən sevinirik. Əlbəttə, sözsüz ki,
burada Sizin böyük şəxsi rolunuz var və onu yüksək qiymətləndiririk.
Qazaxıstan ərazisində Ermənistanla
danışıqlar üçün platforma təqdim etmək təklifimizə dərhal razılıq verdiyinizə
görə Sizə minnətdaram. İlk danışıqlar Almatıda baş tutdu. Onlar kifayət qədər
uğurlu, hər halda faydalı oldu.
Azərbaycana səfərimin nəticələrinə
qayıdaraq deməliyəm ki, hazırda biz əldə olunmuş razılaşmaların həyata keçirilməsi
üzərində işləyirik. Əslində, biz burada - ŞƏT çərçivəsində görüşsək də, bu, əməkdaşlığımızla
bağlı bütün məsələlər üzrə tamformatlı danışıqlardır. Ona görə də indi sözü Sizə
vermək istərdim.
X X X
Sonra çıxış edən Azərbaycan
Prezidenti İlham Əliyev dedi:
-Hörmətli Kasım-Jomart
Kemeleviç.
İlk növbədə, ŞƏT-in Zirvə
toplantısında iştirak etmək üçün dəvətinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Biz bunu Qazaxıstanın Azərbaycana qardaşlıq münasibətinin növbəti göstəricisi
kimi qiymətləndiririk. Bu tədbirdə iştirak etməkdən şərəf duyuruq. Həmçinin
vaxt ayırdığınıza görə təşəkkür edirəm, bu günlərdə görüşlərlə bağlı nə qədər məşğul
olduğunuzu bilirəm. Nisbətən yaxın vaxtlarda görüşməyimizə baxmayaraq, gündəmə
bir az nəzər salmağa, razılaşmalarımızı necə həyata keçirdiyimizi görməyə
ehtiyac var.
Sizin Azərbaycana dövlət səfəriniz,
əslində, həm forma, həm məzmun, həm də emosional əhvali-ruhiyyə baxımından
tarixi idi. İşğaldan azad edilmiş ərazilərin bərpasına kömək göstərilməsi təşəbbüsünüzə
görə bir daha bütün Azərbaycan xalqı adından minnətdarlığımı bildirmək istəyirəm.
Qazax xalqının dahi oğlu Kurmanqazının adını daşıyan mərkəz səmərəli fəaliyyət
göstərir və Sizinlə birlikdə qeyd etdiyimiz kimi, bu, Qazaxıstan-Azərbaycan
dostluğunun və qardaşlığının mərkəzidir. Bu, şəxsən Sizin və qardaş Qazaxıstan
xalqının Azərbaycana münasibətinin bariz təzahürüdür.
Müzakirə etdiyimiz və
razılaşdırdığımız bütün istiqamətlər üzrə müsbət dinamika əldə olunur. Nəqliyyat
infrastrukturu ilə bağlı məsələlər fəal şəkildə həyata keçirilir. Biz mahiyyət
etibarilə Trans-Xəzər nəqliyyat marşrutu üzrə vahid komanda şəklində fəaliyyət
göstəririk. Əlbəttə, bugünkü və sabahkı tədbirlər çərçivəsində bu mövzu daha
geniş müzakirə ediləcək. Həmçinin bu, bir neçə gün sonra keçiriləcək və Sizi
yenidən Qarabağda görməyimizə şad olacağımız Türk Dövlətləri Təşkilatının
qeyri-rəsmi Zirvə görüşündə əsas mövzu olacaq.
Eyni zamanda, Azərbaycan ilə
Ermənistan arasında prosesə verdiyiniz dəstəyə görə təşəkkürümü bildirmək istərdim.
X X X
Dövlətimizin başçısı
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı əldə olunmuş razılaşmaların
həyata keçirilməsi istiqamətində birgə addımların və səylərin davam
etdirildiyini vurğuladı, görüşün yaxın günlərdə Türk Dövlətləri Təşkilatının
Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında davam edəcəyini bildirdi.
Türk Dövlətləri Təşkilatının
da ölkələrimizin gündəliyində prioritet istiqamət olduğu vurğulandı.
Prezident İlham Əliyev
Kasım-Jomart Tokayevin rəhbərliyi ilə Qazaxıstanın inkişafının, beynəlxalq səviyyədə
nüfuzunun artmasının, ölkədə həyata keçirilən siyasi-iqtisadi islahatların dost
və qardaş Azərbaycanı da sevindirdiyini bildirdi, bu münasibətlə təbriklərini
çatdırdı.
Qazaxıstan Prezidenti qeyd
etdi ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə
hazırdır.
Kasım-Jomart Tokayev COP29-un
ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdırdı.
COP29-un dünya səviyyəsində ən
mötəbər tədbirlərdən biri olduğunu deyən Qazaxıstan Prezidenti Azərbaycanın bu
tədbiri uğurla təşkil edəcəyinə əminliyini bildirdi.
Görüşdə ölkələrimizin bu məsələ
ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış etmələrinə toxunuldu.
Dövlətimizin başçısı təbriklərə
görə minnətdarlığını ifadə etdi.
Söhbət zamanı Orta Dəhlizin
inkişafı istiqamətində nailiyyətlər qeyd olundu, Birgə İnvestisiya Fondu ilə əlaqədar
imzalanacaq anlaşma memorandumunun əhəmiyyəti bildirildi və bu xüsusda artıq
konkret layihələrin icrasına dair aidiyyəti qurumlara tapşırıqlar verildiyi
diqqətə çatdırıldı.
Humanitar sahədə əməkdaşlığa toxunuldu, Qazaxıstan Mədəniyyət Günlərinin Azərbaycanda uğurla keçirildiyi, Azərbaycan Mədəniyyət Günlərinin isə bu ilin sentyabrında Qazaxıstanda keçiriləcəyi vurğulandı.
***
16:14
İyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə görüşü keçirilib.
tag: Astana, Azərbaycan, Qazaxıstan, Prezidentlər, İlham Əliyev, todaypress.az,