Antoni Blinken Prezident İlham Əliyevə zəng etdi
Xarici siyasət
16.09.2024 18:48
Sentyabrın 16-da ABŞ
Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
zəng edib.
TodayPress xəbər verir ki, Antoni Blinken Ermənistanla
Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq,
Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini
əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin
delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin
delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin
müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
Regionda artıq sülhün
mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri
nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və
status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında
sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu
müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər
qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy
qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı
olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin
delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində
əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin
aparılacağını bildirib.
Telefon söhbəti
zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub.
Antoni Blinken
COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd
edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq
etdiklərini vurğulayıb.
Bu əməkdaşlıqdan məmnunluğunu
ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə
əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər
tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.
Telefon danışığı
zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi
aparılıb.
tag: İlham Əliyev, Antoni Blinken, Azərbaycan, ABŞ, todaypress.az,