30 ildə yüksələn tərəfdaşlıq: G7 ölkəsi Bakıya nə vəd edir?
Xarici siyasət
06.09.2024 17:27
“Azərbaycan-İtaliya münasibətləri son 30 ildə inkişaf edən xətt üzrə yüksəlməkdədir. Tərəflər arasında çoxyönlü əməkdaşlıq istiqamətləri mövcuddur”.
Politoloq Oqtay Qasımov bu sözləri İtaliya-Azərbaycan əlaqələrini TodayPress-ə şərh edərkən deyib.
O, bildirib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır:
“İki ölkə arasındakı ticarət dövriyyəsi müəyyən dövrlərdə 20 milyard dollara qədər yüksəlir. Həmçinin İtaliya Azərbaycan neft-qazının ən böyük alıcılarından biridir. Məhz Trans Adriatik Boru Kəməri (TAP) layihəsi də ölkəmizin qazının İtaliyaya çatdırılmasını nəzərdə tutur”.
Ekspert əlavə edib ki, iqtisadi məsələlərlə yanaşı, siyasi münasibətlər də kifayət qədər yüksək səviyyədədir. Qarşılıqlı səfərlər, intensiv müzakirələr münasibətləri daha da gücləndirir:
“Azərbaycanın İtaliya ilə münasibətləri təkcə enerji sektoru ilə məhdudlaşmır. Eyni zamanda müdafiə sanayesində də bizim çox güclü əlaqələrimiz var. İtaliyanın bu sahədəki məşhur şirkətləri Azərbaycanla əməkdaşlıq edir. Bir müddət öncə Azərbaycan İtaliyanın istehsal etdiyi hərbi yük təyyarəsini alıb. Nəzərə almaq lazımdır ki, İtaliya dünyada, Avropa İttifaqında sayılıb-seçilən dövlətlərdəndir. Böyük iqtisadi gücə malik G7 ölkələri sırasında yer alır. Məhz bu baxımdan Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişafı və bunun strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması hər iki ölkənin xeyrinədir”.
Töhfə Səməd
tag: Azərbaycan, İtaliya, Bakı, Sənaye,Neft,Oqtay Qasımov, todaypress.az,