"Qarabağ"ın 2 futbolçusu "Tottenhem"lə oyunu buraxacaq

UEFA

25.09.2024 18:35

“Qarabağ” klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin ilk turunun "Tottenhem"lə oyununa itkilərlə çıxacaq.

TodayPress xəbər verir ki, Azərbaycan çempionu müdafiəçilər - Kevin Medina və Marko Veşoviçin xidmətindən faydalana bilməyəcək.

Medina Çempionlar Liqasının pley-off mərhələsinin Zaqreb "Dinamo"su ilə cavab oyununda qırmızı vərəqə aldığı üçün matçı buraxacaq. Veşoviç isə zədədən əziyyət çəkir.

Adları UEFA-ya sifariş edilməyən hücumçu Redon Cica və qapıçı Şahruddin Məhəmmədəliyev də Londondakı dueldə meydana çıxmaq şansı əldə etməyəcəklər.

Əvəzində yeni transfer Emmanuel Addai və zədədən qayıdan Marko Yankoviç heyətdə yer ala bilərlər.

Qeyd edək ki, "Tottenhem Hotspur Stadium"da keçiriləcək “Tottenhem” – “Qarabağ” qarşılaşması Bakı vaxtilə saat 23:00-da start götürəcək.


Namiq HUN

tag: Qarabağ, UEFA, Azərbaycan,Avropa Liqası,Tottenhem,Kevin Medina,Marko Veşoviç, Dinamo, todaypress.az,