İstanbulda UEFA nümayəndəliyi açıldı

UEFA

24.04.2025 16:41

11

İstanbulda Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nümayəndəliyi açılıb.   

TodayPress xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndəliyin ölkə futbolu üçün xeyirli olmasını diləyib. 

Türkiyə Futbol Federasiyasının 1962-ci ildən etibarən UEFA-nın tamhüquqlu üzvü olduğunu qeyd edən ölkə başçısı bildirib ki, 63 ildir Avropa futbol qurumu ilə sıx əməkdaşlıq edirlər. 

“Türkiyə son 20 ildə - 2005 və 2023-cü illərdə Çempionlar Liqasının finallarına, 2009-cu ildə UEFA Kubokunun finalına, 2013-cü ildə FIFA U-20 dünya çempionatına, 2019-cu ildə isə UEFA Superkuboku oyununa uğurla ev sahibliyi edib.

Türkiyə klubları da hər il UEFA yarışlarında yer alır. Türkiyənin əsas milli komandası tarixində ilk dəfə 2025-ci ildə Millətlər Liqasının A Liqasinda iştirak etmək hüququ qazanıb.

Ölkə 2026-cı il UEFA Avropa Liqası və 2027-ci il UEFA Konfrans Liqasının həlledici qarşılaşmalarını qəbul edəcək. Türkiyə 2032-ci ildə keçiriləcək Avropa çempionatını isə İtaliya ilə birlikdə təşkil edəcək” Rəcəb Tayyib Ərdoğan qeyd edib. 

İstanbulda da önəmli layihələrə imza atıldığını deyən Türkiyə Prezidenti qeyd edib ki, nümayəndəliyin açılması ilə Türkiyə futbolunun inkişafı üçün UEFA ilə daha sıx əməkdaşlıq qurulacaq, birgə layihələr həyata keçiriləcək.  Mərasimdə UEFA rəhbəri Aleksander Çeferin və bir sıra federasiya nümayəndələri iştirak ediblər. 

Azərbaycanı tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev təmsil edib. 

Qeyd edək ki, İstanbul ofisi UEFA-nın London və Brüsseldən sonra üçüncü xarici nümayəndəliyidir. 

Namiq HUN

tag: UEFA,İstanbul,Nümayəndəlik,Futbol,Todaypress.az,