AL: “Qarabağ” “Ayaks”a məğlub oldu - YENİLƏNDİ

UEFA

24.10.2024 22:55

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirib.

TodayPress xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin III turunda Niderland “Ayaks”ı ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matç komandamızın üstünlüyü ilə başlayıb.

3-cü dəqiqədə Leandro Andrade topu Remko Pasveerin qoruduğu qapıdan keçirsədə, referi Nikolas Uolş oyundan kənar vəziyyət qeydə alıb.

16-cı dəqiqədən isə komandamız meydanda mübarizəni azlıqda davam etdirməli olub. Bu dəfə şotlandiyalı hakim kobud oyuna görə Julio Romaonu qırmızı vərəqə ilə cəzalandıraraq meydandan qovub.

Rəqib say üstünlüyündən matçın 36-cı dəqiqəsində faydalanmağa müvəffəq olub. Vaut Veqorstun qapı ağzına ötürməsindən sonra Kennet Teylor Mateuş Koxalskiyə seçim yeri qoymayıb.

Birinci hissə elə “Ayaks”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissəyə qonaqlar aktiv başlasa da, “Qarabağ” 57-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdi. Rəqib Andradeyə  Juninyonun ötürməsini qola çevirməyə imkan verməyib.

Oyunda hesab yalnız matçın 74-cü dəqiqəsində dəyişib. Matçın baş hakiminin Kristian Rasmussenə qarşı kobud oyuna görə təyin etdiyi penaltini Vaut Veqorst qola çevirərək hesab arasındakı fərqi 2 topa yüksəldib.  

Mateuş Koxalski bir daha 77-ci dəqiqədə topu qapısından çıxarmalı olub. Rəqib mərkəz xətdə müdafiəmizi yararaq Çuba Akromun qolu ilə hesab arasındakı fərqi 3 topa çatdırıb.

79-cu dəqiqədə isə referi Nikolas Uolş ikinci sarı vərəqə ilə Elvin Cəfərquliyevi cəzalandıraraq “Qarabağ”ı meydanda doqquz nəfərlə qoyub.

Yekun nəticədə “Qarabağ” – “Ayaks” qarşılaşması elə Niderland təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində növbəti oyununu noyabrın 7-də keçirəcək. Azərbaycan çempionu IV turda Norveçdə “Bodo Qlimt”lə qarşılaşacaq.

***

21:29

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok oyununu keçirir.

TodayPress xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin III turunun matçına çıxıb.

Qurban Qurbanovun yetirmələri Niderland “Ayaks”ı ilə qarşılaşır. Futbol tarixinin ən əfsanəvi komandalarından biri ilə oyun xüsusi maraq doğurur. İlk iki oyunda uduzan “Qarabağ” məhz “Ayaks”la qarşılaşmada uğursuz seriyanı qırmağa çalışır.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın birinci hissəsi komandamızın üstünlüyü ilə keçib.

3-cü dəqiqədə Leandro Andrade topu Remko Pasveerin qoruduğu qapıdan keçirsədə, referi oyundan kənar vəziyyət qeydə alıb.

16-cı dəqiqədən isə komandamız meydanda mübarizəni azlıqda davam etdirməli olub. Nikolas Uolş kobud oyuna görə Julio Romaonu qırmızı vərəqə ilə cəzalandıraraq meydandan qovub.

Rəqib say üstünlüyündən yalnız matçın 36-cı dəqiqəsində faydalanmağa müvəffəq olub. Vaut Veqorstun qapı ağzına ötürməsindən sonra Kennet Teylor Koxalskiyə seçim yeri qoymayıb.

Yekun nəticədə birinci hissə elə “Ayaks”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Namiq HUN

tag: İdman, Qarabağ, Avropa Liqası, Ayaks, todaypress.az,