Regionlarımızdakı hava limanları: Təyyarəmiz niyə səmaya qalxmır?

Turizm

01.05.2025 15:20

40

“Hazırda Gəncə kimi regionlarımızda olan hava limanlarının mövcudluğu ilk növbədə logistik ehtiyaclara hesablanıb. Lakin bu hava limanlarının təkcə iqtisadi deyil, həm də turizm baxımından dəyərləndirilməsi vacibdir”.     

Turizm məsələləri üzrə ekspert Samir Dübəndi bunu regionlardakı hava limanlarındakı mövcud imkanlar haqqında TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, beynəlxalq aeroport statusuna malik hava limanlarımız turizmə böyük töhfə verməlidir. Əgər belə imkanlarımız varsa, bundan istifadə etməliyik:   

“Hazırda regionlardakı hava limanlarından həyata keçirilən birbaşa reyslər əsasən Azərbaycan diasporunun sıx yaşadığı Rusiya şəhərləri ilə məhdudlaşır. Bu, daha çox vətənə səfər edən azərbaycanlıların daşınması məqsədi daşıyır. Turist axını isə kifayət qədər zəifdir. Məsələn, Gəncədən Krasnoyarska reysin işləməsi səbəbsiz deyil. Orada Şəmkirdən olan həmvətənlərimiz çoxluq təşkil edir. Amma bu turizm deyil, biz sadəcə özümüzü daşıyırıq”.

Ekspert hesab edir ki, Rusiyadan gələn turistlərin sayını artırmaq üçün daha sistemli yanaşma və planlı aviaəlaqələr qurulmalıdır.

"Rusiya kimi böyük əhali sayına malik bir ölkədən hər il yalnız bir neçə yüz min turist qəbul etməklə kifayətlənmək düzgün deyil. Xüsusilə Rusiyanın şimal şəhərlərində yaşayan insanların yay mövsümündə isti ölkələrə səyahətə üstünlük verdiklərini nəzərə alsaq, təbliğat və avia-logistika imkanlarının genişlənməsi bazarı cəlbedici etmək üçün mühüm addım olar.  Xəzər dənizi Avrasiyada ən isti dənizlərdən biridir. Şimal ölkələrindən gələn turistlər üçün olduqca cəlbedicidir. Bu üstünlükdən istifadə etməliyik. Qəbələdən, Naxçıvandan, Gəncədən daha çox beynəlxalq reyslər təşkil olunmalıdır”.   

S. Dübəndi, həmçinin çarter reyslərin artırılmasının vacibliyinə də toxunub. Onun qənaətincə, bir çox ölkələrdə turizm sənayesi məhz tur operatorlarla aviaşirkətlər arasında əməkdaşlıq nəticəsində təşkil olunan çarter reyslər üzərində qurulub.

Turizm şirkəti nəqliyyatsız bir iş görə bilməz. Xüsusilə quru sərhədlər bağlı olan ölkədə aviasiya ilə gələn turistlər əsas hədəf olmalıdır. Milli daşıyıcı olan AZAL-ın bu istiqamətdə daha aktiv və təşəbbüskar olması zəruridir.

Ekspert son olaraq diqqətə çatdırıb ki, Dövlət Turizm Agentliyinin yaradılması turizm sahəsinə dövlətin verdiyi önəmin göstəricisi olsa da, son illərdə gözləntilər qarşılanmır. 

“2018-ci ildən bəri bu sahədə bir çox işlər görülə bilərdi. Xüsusilə də hava nəqliyyatı və xarici turist axınının təşkilində ciddi addımlar atılmalı idi. Bu məsələlər yenidən təhlil edilməli və konkret nəticəyə yönəlik iş görülməlidir”.

Qeyd edək ki, Azərbaycanda hazırda beynəlxalq hava limanı statusuna malik 8 mülki hava limanı fəaliyyət göstərir. Bu sıralara Heydər Əliyev Beynəlxalq Aeroportu (GYD), Naxçıvan Beynəlxalq Hava Limanı (NAJ), Gəncə Beynəlxalq Hava Limanı (GNJ), Lənkəran Beynəlxalq Hava Limanı (LLK), Qəbələ Beynəlxalq Hava Limanı (GBB), Zaqatala Beynəlxalq Hava Limanı (ZTU), Füzuli Beynəlxalq Hava Limanı (FZL) və Zəngilan Beynəlxalq Hava Limanı (ZZE) daxildir.

Onlar dünyanın 37 ölkəsinin 107 hava limanına uçuşlar təşkil edir. Müqayisə üçün bildirək ki, buraxılış qabiliyyətinə əsasən Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-də bir saat ərzində 3,500 sərnişin yola saldığı halda, bu rəqəm Gəncə Beynəlxalq Hava Limanında 300 nəfərdir.

Töhfə Səməd

tag: Samir Dübəndi,Ekspert,Hava Limanı,Təyyarə,Todaypress.az,

photo