Regionlar turizm yarışında niyə geridə qalır?

Turizm

02.05.2025 11:55

28

"2025-ci ilin ilk rübündə Azərbaycanda hotel və mehmanxana tipli obyektlərdə turistlərin keçirdiyi gecələmələrin sayı 484,9 min olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 faiz artım deməkdir".

TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, xarici turistlərin böyük əksəriyyəti - 77,5 faizi Bakıda yerləşən hotellərdə gecələyib.

"Qusar rayonu 12,7 faizlə ikinci yerdə, Naftalan isə 3,5 faizlə üçüncü sıradadır. Daha sonra Qəbələ (2,7%), Quba (1,8%), Şamaxı (0,4%) və digər şəhər və rayonlar (1,4%) gəlir. Beləliklə, ölkəyə gələn hər 100 turistin 77-si paytaxtdan kənara səfər etmir".

Deputat qeyd edib ki, bu statistika regionlarda turizmin inkişafına dair vacib siqnallar verir. Belə ki, Qusar rayonunun ikinci sırada qərarlaşması bölgədə qış turizminin inkişafı ilə bağlıdır. 

Naftalanın üçüncü pillədə olması isə sağlamlıq turizmi sahəsindəki potensialı ilə izah olunur. Bu tendensiya göstərir ki, regionlarda yalnız ənənəvi mövsümi turizm deyil, eyni zamanda yeni və fərqli turizm məhsullarına ehtiyac var. Tarixi, dini və mədəni turizm sahələrinin inkişaf etdirilməsi də bölgələrin cazibəsini artırmaq üçün vacibdir.

Millət vəkilinin hesabınca, bölgələr hələ də xarici turistlərin cəlbində paytaxtla müqayisədə geri qalır. Onun sözlərinə görə, Bakı şəhərinin inkişaf etmiş infrastrukturu fonunda bu fərq qismən anlaşılan sayılsa da, regional hotellərdə gecələmə göstəricilərinin kəskin şəkildə aşağı olması diqqətçəkicidir. 

"Təəssüf ki, əksər rayonlarda turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalır, göstərilən xidmətlər isə hələ də beynəlxalq standartlara cavab vermir. Bu da regionların turizm imkanlarını tam reallaşdıra bilməməsinə səbəb olur".

Deputatın təqdim etdiyi statistikaya əsasən, 2025-ci ilin ilk rübündə gecələmələrin ümumi sayında əsas pay Hindistandan gələn turistlərin payına düşüb - 21,8 faiz. Rusiya (14,3%), Türkiyə (8,8%), Birləşmiş Ərəb Əmirlikləri (6,3%), Səudiyyə Ərəbistanı (4,7%) və ABŞ (3,3%) da siyahıda öndə gələn ölkələr sırasındadır.

Bundan başqa, İsrail (3,1%), Küveyt (3,0%), Pakistan (2,7%), Çin və Qazaxıstan (hər biri 2,4%), Böyük Britaniya (1,9%), Özbəkistan (1,4%), Almaniya (0,9%), Bəhreyn, İran və İtaliya (hər biri 0,8%), Gürcüstan (0,7%) və digər ölkələr (19,9%) də Azərbaycanı turizm məqsədilə seçən ölkələr arasındadır.   

Türkan İsgəndərli

tag: Vüqar Bayramov,Deputat,Turizm,Regionlar,Todaypress.az,

photo