İstirahətə getmək istəyənlərin nəzərinə! QİYMƏTLƏR “od tutub yanacaq”
Yay tətili mövsümü yaxınlaşdıqca istirahət planları da sürətlənir. Buna görə insanların çoxu erkən rezervasiyaya üz tutur.
Turizm eksperti Rəhman Quliyev TodayPress-ə açıqlamasında bildirib ki, yay tətilini daha sərfəli qiymətlərlə planlaşdırmaq istəyənlər üçün erkən rezervasiya imkanı ən ideal seçimdir.
Onun sözlərinə görə, bəzi istiqamətlər üzrə uçuşların sayında ötən illərlə müqayisədə bu il artım qeydə alınıb.
"Türkiyə istiqamətinə tur paketlərin satışı artıq yanvar ayından başlayıb və bu kampaniya üç aydır davam edir. Xüsusilə Türkiyənin turizm bölgələrinə - Antalya, Bodrum və Kuşadasına böyük maraq müşahidə olunur. Eyni zamanda Monteneqro, Misirin Şarm əş-Şeyx şəhəri və yeni destinasiyalardan olan Yunanıstanın Krit adasına həvəs də artıb".
Ekspertin sözlərinə görə, yay ayı yaxınlaşdığından endirim faizləri aşağı düşməyə başlayıb. Bununla yanaşı vaxt irəlilədikcə otellərdə doluluq səviyyəsi artır, bu isə qiymətlərin qalxmasına səbəb olur.
"Şarm əş-Şeyx də münasib qiymətlər təklif edən istiqamətlərdən biri hesab olunur. Çünki iyul-avqust aylarında temperatur daha yüksək olur. Amma buna baxmayaraq, orada dəniz kənarı çimərliklər çox yaxşı fəaliyyət göstərir. Yeni destinasiyalardan biri kimi ön plana çıxan Krit adasına isə artıq birbaşa uçuşlar təşkil olunur. Hazırda qiymətlər münasib səviyyədə olsa da, Yunanıstanın Şengen zonasında yerləşməsi səbəbindən viza prosedurlarının vaxt aparması nəzərə alınmalıdır".
Rəhman Quliyev yekunda bildirib ki, tur paketlərə 3-4 ay əvvəlcədən müraciət edilməsi daha sərfəlidir. Əks halda, tələbat artdıqca seçim imkanları azalır və qiymətlər yüksəlir.
Türkan İsgəndərli
tag: Rəhman Quliyev,Ekspert,Turizm,Qiymətlər,Todaypress.az,
