Bölgə turizminin acınacaqlı halı: “Qiymətlər yüksək, keyfiyyət isə bərbad” - AÇIQLAMA
Turizm
09.08.2024 14:20
Bu ilin birinci yarısında xarici ölkələrə istirahətə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,7% artaraq 995,2 min nəfər olub. Vətəndaşların ən çox xaricə üz tutmağına səbəb isə bölgələrdəki qiymətlərin yüksək, xidmətin isə ürəkaçan olmamasıdır.
Məsələ ilə bağlı TodayPress-ə danışan Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, hazırda post-pandemiya dövrünü yaşayırıq və məlum məsələdir ki, bir çox xidmət əvvəlki kimi tam olaraq bərpa olunmayıb. O, əlavə edib ki, Azərbaycan turizm bazarında qiymətlə keyfiyyət tərs mütənasibdir. Regional səviyyədə restoran, otel və digər xidmət sahəsində çalışan işçilərin, hətta sahibkarların maariflənməsinə, onların bilik və bacarıqlarının artırılmasına ciddi ehtiyac var:
“Ali qanunlarımızda da təsdiq olunub ki, insanların istirahət etmə hüququ var. Və bu hüququn təmin edilməsi üçün ən yaxşı üsul düzgün qurulmuş turizm fəaliyyətləridir. İlk növbədə biz öz vətəndaşımızı düşünməliyik. Onun rahatlığını, turizm zonalarında düzgün xidmətlər almağını, məmnun qalmağını, cibinə uyğun xidmətin seçilməsi imkanlarının yaradılmasını və s. məsələləri nəzərdən keçirib, təkmilləşdirmək lazımdır”.
Ekspert sonda onu da vurğulayıb ki, bu il çox böyük bir tədbirə, COP29-a ev sahibliyi edəcəyik. Bakı ilə yanaşı bir sıra şəhər və rayonlarımız var ki, gələn xarici qonaqlar həmin yerlərdə qalacaqlar. Buna görə də keyfiyyət və qiymət mütənasibliyini təmin etməliyik. Ümid edirik ki, bu çətin sınaqdan ölkə olaraq üzüağ çıxacıq.
Töhfə Səməd
tag: Turizm, Azərbaycan, COP29, Samir Dübəndi, Hotellər, Restoranlar, todaypress.az,