Ziddiyyətlər artır: Zəngəzur dəhlizinə daha bir düyün - ŞƏRH

Təhlil

05.09.2024 14:21

“Zəngəzur dəhlizinə nəzarətin özəl şirkətə verilməsi haqqında Ermənistan rəsmilərinin səsləndirdiyi fikirlər kənardan istiqamətləndirilib”.  

Politoloq  İlyas Hüseynov  bunu TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, belə tezislər adətən Ermənistanın havadarları tərəfindən irəli sürülür:

“Ermənistan öz öhdəliklərini yerinə yetirməmək üçün müxtəlif ssenarilərə üz tutur. Bir növ mahiyyətdən yayınmağa çalışır. Çünki 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın doqquzuncu maddəsinə əsasən Ermənistan sərnişinlərin, yüklərin və avtomobillərin maneəsiz keçidinə şərait yaratmalıdır. Təhlükəsizlik zəmanəti isə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti tərəfindən təmin olunmalıdır. Rusiya-Ukrayna müharibəsi səbəbindən Ermənistanın arxasında duran Qərb qüvvələri çalışır ki, Rusiya bu dəhliz üzərində olmasın. Bununla da Ermənistan kommunikasiyalar üzərində suverenlik fikrini daha da genişləndirir. Artıq biz onun özəl şirkət haqqında fikirlər səsləndirdiyini görürük”. 

Analitik qeyd edib ki, nəzərdə tutulan özəl şirkətin hansı dövləti təmsil etməsi də böyük şübhə altındadır:

“Ona görə Ermənistan növbəti dəfə kommunikasiyalar haqqında fikirlər genişləndikcə, beynəlxalq miqyasda ziddiyyətlər artdıqca bu özəl şirkət mövzusunu ortaya atır. Şübhəsiz ki, burada Ermənistanın Qərb partnyorlarının tezislərinin olması da aydın məsələdir”.

Qeyd edək ki, bir müddət öncə  Ermənistan Milli Assambleyasında jurnalistlərlə söhbətində xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq özəl şirkətə həvalə edilməsi ilə bağlı hələlik əlavə məlumatın olmadığını bildirib. 

Günəş Mərd

tag: Ermənistan, Milli Assambleya ,Qərb, Zəngəzur,İlyas Hüseynov, todaypress.az,

photo