Zəngəzur dəhlizinə doğru: “Türkiyə Ermənistana təzyiqi artıracaq…” – ŞƏRH

Təhlil

12.03.2025 15:24

1811

“Ermənistanın eyni anda həm Fransa, həm də Türkiyəyə bel bağlaması müşkül məsələdir”.

Politoloq Sultan Zahidov bunu Ermənistan və Türkiyə arasındakı son gəlişmələri TodayPress-ə şərh edərkən deyib.

O bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə ildir ki, Türkiyə ilə əlaqələri normallaşdırmaq niyyətində olduğunu gizlətmir.

Ekspert İkinci Qarabağ müharibəsindən sonra münasibətlərin normalaşması istiqamətində bir neçə görüş olduğunu da xatırladıb:

“2022-ci ilin iyulunda Ermənistan və Türkiyə nümayəndələrinin Vyanada görüşünün baş tutması qərarı alındı. Görüşdə razılığa gəlindi ki, 3-cü dövlətin vətəndaşları Türkiyə-Ermənistan sərhədini maneəsiz keçə bilsin. Paşinyanın niyyəti Ermənistanın Qərbə inteqrasiyası siyasəti çərçivəsində Türkiyə ilə əlaqələri normallaşdırmaqdır. Bu baxımdan Türkiyə Şərq, Qafqaz, o cümlədən Ermənistan üçün "Avropanın qapısı" rolunu oynayır”.

Analitik Türkiyə tərəfinin mövqeyinə də diqqət çəkib. Onun sözlərinə görə, Türkiyə normallaşma prosesinin Azərbaycan-Ermənistan sülh prosesi ilə birgə aparılacağını öncədən bəyan edib:

“Bu, bir tərəfdən müsbətdir, çünki Türkiyə bu yolla Ermənistanı Azərbaycanla danışıqlarda daha konstruktiv mövqe sərgiləməyə vadar edə bilər. Digər tərəfdən, Ermənistan təhlükəsizlik məsələlərində artıq daha çox Fransaya bel bağlayır. Bunu iki ölkə arasında son illərdə imzalanan hərbi-texniki sahədə əməkdaşlıq barədə razılaşmalardan da görürük. Fransa və Türkiyənin Qafqazda və digər regionlardakı mövqeləri bir-birinə ziddir. Bu səbəbdən Ermənistanın öz təhlükəsizliyi məsələsində Rusiyadan qurtulmaq üçün eyni anda həm Fransa, həm də Türkiyəyə bel bağlaması müşkül məsələdir”. 

S. Zahidovun fikrincə, Ermənistan Baş nazirinin niyyəti sərhədlərin açılması, ticari-iqtisadi əlaqələrin bərpa edilməsi, diplomatik münasibətlərin qurulması və Türkiyə vasitəsi ilə Avropayla ticari əlaqlərin inkişaf etdirilməsidir. 

“Məlumdur ki, artıq Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı layihə parlament tərəfindən qəbul olunub. İttifaqla hansısa assosiasiya razılaşması və ya digər gömrük rüsumları ilə bağlı razılaşmaların imzalanması üçün isə ilk növbədə Türkiyə ilə Ermənistanın əlaqələrinin düzəlməsi vacibdir”.

Politoloq düşünür ki, Mehri dəhlizi Türkiyənin maraqlarına uyğundur və münasibətlərin normallaşması prosesində Türkiyə Ermənistana təzyiq edərək Zəngəzur dəhlizinin açılmasını sürətlənməsinə vəsilə ola bilər.     

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 11-də Türkiyə mediasına müsahibə verib. Erməni mediasının ilkin məlumatına görə, Paşinyan müsahibədə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması, sərhədlərin ön şərtsiz açılması və tarixi məsələlərə yenidən baxmağa hazırlıq barədə danışıb.

Həmçinin Mehri dəhlizi vasitəsilə yük daşımalarının maneəsiz həyata keçirilməsinə dair fikirlər səsləndirib.

Qiymət Mahir

tag: Politoloq,Sultan Zahidov,Şərh,Açıqlama,Todaypress.az,

photo