Zəngəzur dəhlizinə cığır açılır: “Orta Dəhliz bu alternativlərdən biridir” – ŞƏRH

Təhlil

20.01.2025 14:30

“Rusiya-Ukrayna müharibəsi kontekstində hazırda regionlarda, Yaxın Şərqdə, eyni zamanda Avropa sərhədlərində bir çox lojistik kommunikasiya sistemləri iflic vəziyyətinə gətirilib. Belə olanda ortalığa ciddi alternativlər çıxır ki, Orta Dəhliz də bu alternativlərdən biri ola bilər”.

Politoloq Natiq Miri bu barədə TodayPress-ə danışarkən bildirib.  

Onun sözlərinə görə, Orta Dəhliz layihəsi Asiyadan Avropaya və Qərbə yüklərin daşınmasında miqdarı artıra bilər ki, bu da bütün layihə üzvü olan dövlətlərin qazanması deməkdir:            

“Əgər əvvəllər 1 milyon ton yükün daşınmasından söhbət gedirdisə, indi artıq bu yükün 5 milyon tona və perspektivdə hətta 15 milyona qədər artırılması gözlənilir. Bu da əlbəttə ki, region ölkələrinin, xüsusilə də qərblə-şərqin arasında əvəzedilməz bir körpü rolu oynayan Azərbaycan və Gürcüstanın geosiyasiya əhəmiyyətini artırır.    

Buna görə də Orta Dəhliz çox əhəmiyyətli, perspektivli bir kommunikasiya sistemi olacaq. Paralel olaraq bu Orta Dəhlizin yalnız Gürcüstandan keçməsilə yekunlaşacaq bir layihə deyil. Bilirsiniz ki, perspektivdə bunun bir də Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvana, Türkiyəyə, oradan Avropaya və ya Aralıq Dəhlizinə çıxışı təmin ediləcək. Bu, gözlənilir və o qədər də əlçatmaz deyil. Orta Dəhlizin daha qısa, daha xərcsiz yolu Zəngəzur Dəhlizi ilə Naxçıvan, Türkiyə vasitəsi ilə digər bölgələrə çıxışı təmin edəcək”.       

Analitik hesab edir ki, Orta Dəhliz layihəsi Azərbaycanın geosiyasi, geostrateji əhəmiyyətini daha da artıracaq:     

“Çünki bilirsiniz ki, ABŞ-nin Hindistandan başlayan, Yaxın Şərq vasitəsi ilə Türkiyəni gözardı edən, Türkiyədən yan keçərək Avropaya  çatacaq yeni bir ticarət yolu planı var. Bu, HƏMAS-İsrail qarşıdurması kontekstində hələlik əngəllənib və yaxın perspektivdə bunun mümkün olması o qədər də real görünmür.  

HƏMAS-la atəşkəsin təmin olunması bütün ziddiyyətlərin həll olunması demək deyil. Bunun üçün həmin lojistik ticarət yolunda iştirak edəcək Ərəb ölkələri ilə İsrailin münasibətlərini tənzimləməyə ehtiyac var.

Bunun üçün də Fələstinlə sülh danışıqları və Fələstinin müstəqil dövlət olmaq perspektivi ilə bağlı danışıqlar başlamalıdır ki, Netanyahu hakimiyyəti də hələlik bunu qəbul etmir. Bütün bunları düşünəndə, Orta Dəhlizinin perspektivi artır".

N.Miri vurğulayıb ki, Orta Dəhliz layihəsində əsas körpü rolu oynayan dövlət məhz Azərbaycandır. Çünki o, həm lojistik, həm də kommunikasiya sistemləri baxımından əhəmiyyətli bir coğrafi mövqədə yerləşir: 

"Bundan başqa bu gün Azərbaycan olmadan Qərb dünyası Orta Asiyaya çıxışı da təmin edə bilmir. Bunun üstünə bir də Türk dövlətləri birliyi məsələsini də gələndə, yenə də Azərbaycanın nə qədər əhəmiyyətli bir dövlət olduğu bütün dünyaya bəlli olur. Ona görə də Orta Dəhliz Azərbaycana hər anlamda qazandıracaq" .

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana işgüzar səfərə gəlib. Səfər zamanı o Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb. Bakıda keçirilən görüşdə Gürcüstanla Azərbaycan arasında enerji və enerji təhlükəsizliyi sahəsində, eləcə də Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunub. 


Günəş Mərd

tag: Orta dəhliz,Yaxın Şərq,Azərbaycan,Gürcüstan,Orta Asiya,Natiq Miri, Avropa,Xarici Siyasət,Təhlil,todaypress.az,

photo