Zəngəzur dəhlizi bəndi sülh sazişindən niyə çıxarıldı? - Politoloq açıqlaması
Təhlil
08.08.2024 12:40
“Rəsmi Bakı Zəngəzur marşurutunun yenidən Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin bağlanmaması üçün bəhanə kimi istifadə olunmasını nəzərə alaraq bu bəndin sülh müqaviləsindən çıxarılmasına razılıq verib”.
Politoloq Cümşüd Nuriyev bunu, TodayPress-ə açıqlamasında deyib.
O, hesab edir ki, sözügedən bəndin sülh müqaviləsindən çıxarılmasının Azərbaycan üçün heç bir mənfi tərəfi yoxdur:
“Əksinə müsbət tərəfi var. Bilirik ki, indiyə qədər müəyyən Qərb dövlətləri, xüsusilə, Fransa Ermənistanı sülh müqaviləsini bağlamamaq üçün təhdid edirdi. İran da bu işin içində idi. O, tez-tez Zəngəzur dəhlizi ilə bağlı bəyanatlar səsləndirirdi. Ermənistana sülh müqaviləsini bağlamamaq üçün hədə-qorxu gəlirdi. Bu, onlara da dərs olacaq”.
Cümşüd Nuriyevin sözlərinə görə, sülh müqaviləsində hansı bəndlərin olması haqda heç kəsdə dəqiq məlumat yoxdur. Bu hələ də konfidensiyaldır. Ratikifasiya olunandan sonra yekun sülh sazişi cəmiyyətə təqdim olunacaq. Onun qənaətincə, indi olmasa da, gələcəkdə Azərbaycan və Ermənistan kommunikasiyaların açılması ilə bağlı razılaşacaqlar:
“Kərki kəndinin Azərbaycana qaytarılması ilə bağlı fikirlər səsləndirilir. Artıq rus sərhədçiləri həmin ərazidən çəkilib. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan öz aralarında müəyyən razılıqlar əldə ediblər. Kərki kəndi qaytarıldıqdan sonra Ermənistanın Mehri, Zəngibasar, Dərələyəz bölgəsini Qafanla birləşdirən əsas yol Azərbaycan sərhədçilərinin nəzarəti altına keçəcək. Əgər hər hansı bir problem olsa, bu, Ermənistana daha çox ziyan verəcək. Ermənistan da bunların hamısını başa düşür. Ona görə indi əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”.
Politoloq əlavə edib ki, Ermənistan və Azərbaycan arasında yenidən müharibə olmayacaq. Birincisi rəsmi Bakı buna icazə verməyəcək. İkincisi Ermənistan Azərbaycan ordusunun artıq gücünü görüb. İrəvan anlayır ki, Azərbaycan ərazisinə müdaxiləsi, Ermənistanın sonu olar.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov tərəflərin Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəldiyini bildirib. Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.
Günəş Mərd
tag: Azərbaycan, Prezident, Sülh, Cümşüd Nuriyev, Ermənistan, todaypress.az,