Zelenskinin Vaşinqton səfəri: Kiyev ABŞ-nin şərtlərini qəbul edəcək? – PROQNOZ

Təhlil

26.02.2025 16:24

1531

“Sülhün əldə olunması və təhlükəsizliyin qorunması üçün ABŞ prezidentli Donald Trampla Ukrayna lideri Volodimir Zelenskinin görüşü vacibdir. Kiyev başa düşür ki, ABŞ-nin şərtlərini qəbul etmək lazımdır”.

Politoloq İlyas Hüseynov bunu TodayPress-ə danışarkən deyib.  

O, Rusiya-Ukrayna müharibəsinin sülhlə başa çatması və nizamlanması istiqamətində Donald Trampın müxtəlif görüşlər keçirməsi və telefon danışıqları aparmasına diqqət çəkib: 

“Bundan öncə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan görüşlərin davam etdirilməsi haqqında razılıq əldə olunub. Eyni zamanda, Tramp və Fransa prezidenti Emmanuel Makron arasında da görüş keçirilib. Bu görüş daha çox Avropanın Ukraynaya verə biləcəyi təhlükəsizlik zəmanətləri ilə bağlı idi. Hesab edirəm ki,  Ukrayna prezidenti Volodimir Zelenskinin Trampla görüşünün əsas məqsədi məhz Ukraynanın mineral resurslarının istismarı ilə bağlıdır. Sülhün əldə olunması və təhlükəsizliyin qorunması üçün bu görüş mühüm əhəmiyyət kəsb edir. ABŞ nəinki Ukraynanın, eləcə də Rusiyanın mineral sərvətlərini istismar etmək istəyir və Rusiya tərəfi də buna pis yanaşmır. Belə görünür ki, müharibəni bu formada bitirmək mümkündür. Yekun razılaşmada isə Ukraynanın sərhədlərinin hazırkı vəziyyətdə qalması, ərazilərinin ilhaq edilməsi faktının qəbul etməsi Kiyev üçün ciddi problemlərə səbəb olacaq”. 

İ.Hüseynov hesab edir ki, Rusiyanın Ukrayna müharibəsində qələbə qazandığını demək olmaz. Çünki ABŞ-nin bundan sonrakı addımları bəlli deyil: 

“Artıq Rusiyanın daxilində də bu barədə müxtəlif tənqidlər səsləndirilir. Bunun qarşılığında Rusiyada kifayət qədər ciddi tədbirlər həyata keçirilməlidir”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək.  

Qiymət Mahir

tag: ABŞ,Rusiya,Təhlil,Politoloq,Siyasət,todaypress.az,