Zelenskinin Azərbaycana səfəri hansı halda baş verə bilər? – Ekspert AÇIQLADI

Təhlil

20.02.2025 18:50

2327

“Ukrayna prezidenti Volodimir Zelenskinin Bakıya səfər edəcəyini düşünmürəm. Onun hazırki gündəmi Rusiya ilə mövcud müharibənin bitirilməsidir”. 

Politoloq Natiq Miri bunu TodayPress-ə açıqlamasında deyib. Ekspert bildirib ki, müharibənin bitirilməsi kontekstində qlobal proses başlayıb. ABŞ və Rusiya rəsmi nümayəndə heyətləri son üç ildə ilk dəfə Səudiyyə Ərəbistanında təmasa keçib:

“Məhz bu ərəfədə Zelenskinin Türkiyəyə səfəri maraqlı hadisədir. O, Türkiyə dövlət başçısından təhlükəsizlik təminatı istəyib. Bu faktor özü də göstərir ki, Zelenskinin hazırki gündəmi Ukraynanın gələcək təhlükəsizliyi ilə əlaqəlidir. Onun səfərinin səbəbi də budur”. 

Analitik hazırkı vəziyyətdə Ukrayna liderinin Azərbaycana səfərini gözləmədiyini qeyd edib. Çünki Ukraynanın hərbi təhlükəsizliyini təmin etmək üçün bu yöndə fəaliyyətinə ehtiyac var. Bu da Ukraynaya hərbi cəhətdən dəstək verə biləcək güc mərkəzləri ilə əlaqəlidir.

Natiq Miri Zelenskinin Türkiyə səfərini də bu kontekstdə qiymətləndirir. Eyni zamanda Amerikanın da dəstəyini itirməkdə olan Ukrayna Avropa Birliyinin aparıcı ölkələri ilə daha çox təmasdadır. Hazırda çox ciddi hadisələr yaşanır.

Bəs Ukrayna liderinin Azərbaycana səfəri hansı kontekstdə baş verə bilər?

Ekspert xatırladıb ki, Zelenski enerji daşıyıcılarının Azərbaycandan Ukrayna ərazisi vasitəsi ilə Avropaya ötürülməsi kimi məsələni müzakirə predmetinə çevirmişdi. Məlumdur ki, Rusiyadan gələn qaz xətləri Ukraynadan keçərək bəzi Avropa ölkələrinə gedirdi. Bununla bağlı Rusiya-Ukrayna müqaviləsinin vaxtı bitdi və Ukrayna müqaviləni yeniləmədi. Bu səbəbdən bəzi Avropa ölkələri ucuz Rusiya enerji daşıyıcılarından məhrum oldu və Ukraynaya təzyiqlər başladı. Ukrayna məsələni kompensasiya etmək üçün Azərbaycanla bu məsələni müzakirə etmişdi:

“Səfər ancaq bu konteksdə baş tuta bilər. Lakin bu məsələ Ukrayna üçün vacib deyil. Ukraynanın əsas həyati məsələsi gələcəyi və təhlükəsizliyi ilə bağlıdır”.

Qiymət Mahir

tag: Ukrayna,Azərbaycan,Zelenski,Səfər,todaypress.az,

photo