“Zelenski Trampla sərt polemikada əsl qəhrəmana çevrildi” - Ramiz Yunus liderlərin görüşünü ŞƏRH ETDİ

Təhlil

01.03.2025 11:38

2218

Politoloq Ramiz Yunus fevralın 28-də ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Oval ofisində baş tutan görüşü şərh edib.   

TodayPress xəbər verir ki, o, bu barədə öz “Facebook” hesabında yazıb.

“Amerika Birləşmiş Ştatlarının Oval Ofisində baş verən çirkin səhnəni izləyərkən istər-istəməz ingilis yazıçısı Redyard Kiplinqin məşhur "Cəngəllik kitabı" əsəri yadıma düşdü. Hekayədə baş qəhrəman, oğlan Maquli, onu parçalamaq istəyən Şirxan adlı pələngə və Tabaki adlı çaqqala qarşı mübarizə aparır, lakin onlar məqsədlərinə çata bilmirlər. Zelenski də sanki Maquli kimi, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə sərt polemika apararaq əsl qəhrəmana çevrildi. O, Ukraynanın və onun qəhrəman xalqının qürur duyacağı bir lider olduğunu sübut etdi”. 

Analitik diqqətə çatdırıb ki, eyni sözləri Tramp barəsində demək mümkün deyil:     

“Güclü liderlər belə davranmırlar, xüsusən də dünyanın ən güclü dövlətinin rəhbəri evinə dəvət etdiyi, köməyə ehtiyacı olan bir qonağa, vətəni sələflərinin, Bill Klintondan başlayaraq  Barak Obamaya və Cozef Baydenə qədər olan administrasiyanın xəyanətinə görə qan içində boğulan bir ölkənin prezidentinə qarşı bu cür nalayiq münasibət sərgiləməməlidir”.   

R.Yunus hesab edir ki, Ukrayna xalqının ümumxalq seçimi ilə hakimiyyətə gələn və ABŞ-nin müttəfiqi olan bir liderlə belə davranmaq  yolverilməzdir

“Renessans dövrünün məşhur alimi Rotterdamlı Erazmus deyib: "Utanc  vicdanın rüsvayçılıq qarşısındakı qorxusudur".   

Nicat Osman

tag: Ramiz Yunus,Zelenski,ABŞ,Ukrayna,Mauqli,Todaypress.az,