Zaur Məmmədov: “Ermənistan təxribat törədərək Azərbaycandan revanş almaq üçün hərəkətə keçə bilər”
Təhlil
15.01.2025 17:55
“ABŞ dövlət katibi Antonio Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ölkələr arasında imzalanan xartiya siyasi, iqtisadi və təhlükəsizlik məsələləri, aktual beynəlxalq və regional problemlərin həlli sahəsində qarşılıqlı əlaqələrin inkişafına yönəlmiş əməkdaşlığının yeni mərhələsini əhatə edir”.
TodayPress xəbər verir ki, politoloq Zaur Məmmədov bu barədə “Facebook” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, bu sazişin hərbi elementləri Azərbaycan üçün daha çox maraq doğurur:
“Bu saziş Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir. Əgər Blinken doğrudan da, Qafqazda sülh istəsəydi Bakı və İrəvan arasında sənədin imzalanmasını gözləyirdi, daha sonra nə istəsələr edərdilər. Yeri gəlmişkən, Bayden administrasiyası ötən ilin sonuna qədər yarımçıq sülh müqaviləsinin imzalanmasını israrla istəyirdi. Niyəsi məlumdur”.
Analitik diqqətə çatdırıb ki, sənədlə ABŞ və Ermənistan dialoqu nəticəsində iki dövlətin siyasi elitaları arasında son illərdə əldə edilən razılıqların davamı olaraq, Ermənistan silahlı qüvvələrinin təlimlərinin və hərbi texniki imkanlarının artırılmasına yardım da Vaşinqtonun üzərinə götürdüyü funksiyalardan biridir:
“Hələ 1919-cu ildə ABŞ üçün xüsusi maraq kəsb etməyə başlayan Qərbi Zəngəzur torpaqlarının təhlükəsizliyinin qorunması, oradakı kommunikasiya - nəqliyyat xətlərinin gələcək aqibəti Vaşinqtonun birbaşa çətiri altına keçə bilər. Ümumiyyətlə isə, Ermənistan və PKK\YPG, PYD arasında əlaqələrin möhkəmləndirilməsi, sərhədlərdə ABŞ və NATO hərbçilərinin yerləşdirilməsi, kibertəhlükəsizlik, sputnik və kəşfiyyat texnologiyaları ilə haylara yardım və s. kimi hallar Türkiyə və Azərbaycan da daxil olmaqla bütün region dövlətləri üçün təhdiddir”.
Z.Məmmədov hesab edir ki, Rusiya və İran üçün ciddi çağırış olan bu saziş fonunda ölkəmizi dəfələrlə təhdid edən cənub qonşumuzun reaksiyası sərt olmasa, Azərbaycan ictimaiyyətində ciddi gülüş obyektinə çevriləcək. Öz növbəsində, əminəm ki, qonşuların dişsizliyi, ABŞ və Ermənistanın isə çevik davranışları fonunda, Azərbaycan regional sabitlik və ilk növbədə dövlət təhlükəsizliyinin qorunması üçün Zəngəzur mövzusunu özü həll edəcək. Analitik sonda ABŞ və Ermənistan arasında imzalanan sazişin risk yarada biləcək tərəflərinə toxunub:
“Ermənistan arxasında Qərbin monitotinq missiyasının olmasından və ABŞ ilə məlum sazişin olmasından istifadə edərək şərti sərhədlərdə təxribat törədərək Azərbaycandan revanş almaq üçün hərəkətə keçə bilər. Mümkün müharibədə Ermənistana hərbi - texniki dəstək, maliyə yardımı edilə bilinər. Eyni zamanda, digər bütün yardımlar.
ABŞ hətta, məsəl üçün Trampın dövründə olmasa belə, gələcəkdə erməni diasporasının təsiri və öz milli maraqlarını əsas gətirərək Cənubi Qafqazda Ermənistanın genişləndirilməsi üçün bütün variantlara əl ata bilər. Bunların baş verməməsi üçün Ermənistan dövləti başını qaldırmamış cavabını almalıdır”.
Qeyd edək ki, yanvarın 14-də ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb.
Günəş Mərd
tag: Azərbaycan, Ermənistan, Hərbi, Problem, Zaur Məmmədov, todaypress.az,