Zahid Oruc: “Qarabağ müharibəsi Qafandan başlayıb, orada da bitəcək”

Təhlil

30.09.2024 18:10

“İkinci Qarabağ savaşında qələbə qazandıqdan sonra beynəlxalq aləmdə artan siyasi və hərbi gücün fonunda, Azərbaycana qarşı olan təsir və təzyiqlər daha da şiddətlənib. Hazırda ABŞ-də prezident marafonunda namizədlərdən biri vitse-prezident Kamala Harris ermənilərin Qarabağa qayıdış məsələsini mübarizəsinin möhtəkil elementinə çevirib”.

Millət vəkili Zahid Oruc bunu TodayPress-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcmasının yaradılması və onun beynəlxalq məkanda tanıdılması, məhz Ermənistanın xülyalara qapılmamasına və bu, mövzuda Azərbaycanın verdiyi qərarları yetirməsinə vadar etmək məqsədi daşıyır:   

“Düşünürəm ki, biz mütləq Qərbi Azərbaycana qayıdış əsasında görülən işləri cəmiyyətimizin hər bir üzvünə çatdırmalıyıq. Bura tarixi yaddaşın bərpasından tutmuş, hər bir Qərbi azərbaycanlının özünün pasportunda doğulduğu bölgənin adının yazılmasına qədər bütün proseslər daxildir. Prezident İlham Əliyev ustad Aşıq Ələsgərin abidəsinin açılışı mərasimində bütün tarixi torpaqlarımızın unudulmamasını və bunun xalqımızın gələcək aydın hədəfləri sırasına qoymasını bir daha vurğuladı. O, qeyd etdi ki, bu, çox önəmli məsələdir və xalqın da bunları həyata keçirmək imkanı, gücü formalaşdırılmalıdır”. 

Deputat qeyd edib ki, Qərbi Azərbaycan davası yalnız o torpaqlarda nə vaxtsa, doğulmuş ikinci, üçüncü, dördüncü nəsil insanların vəzifəsi deyil. Bu, Qarabağ müharibəsi kimi bütöv bir xalqın işidir:   

“Dəmir yumruq həm də tarixi torpaqlara qayıdışın simvoludur. Ona görə Qərbi Azərbaycana qayıdış hər bir azərbaycanlının müəqddəs vəzifəsi olmalıdır. Biz bu qayıdışın tezliklə həll olunacağına inanırıq. Unutmayaq ki, Qarabağ müharibəsi Qafandan başlayıb, elə orada da bitəcək”.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın “La Repubblica” qəzetinə geniş müsahibəsində Ermənistanın Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalı olduğunu bildirib. 

Günəş Mərd

tag: Qafan, Dəmir Yumruq ,Azərbaycan, Qərbi Azərbaycan ,Zahid Oruc ,ABŞ ,todaypress.az,