Zahid Oruc: “Bu o demək deyil ki, biz erməni izlərini unudacağıq”
Təhlil
05.12.2024 16:50
“Böyük Qayıdış" həyata keçirilir. Amma bu o demək deyil ki, erməni cinayətlərinin üstü örtüləcək və biz erməni izlərini unudacağıq”.
Bunu millət vəkili Zahid Oruc, TodayPress-ə müsahibəsində bildirib.
Parlamentari qeyd edib ki, 30 il ərzində Ermənistanın Qarabağ və digər işğaldan azad olunan Azərbaycan ərazilərinə vurduğu ziyanların qiymətləndirilməsi mövzusu son dörd ildir rəsmi Bakının diqqətindədir. Dövlətin müvafiq komissiyaları bu istiqamətdə işləyirlər:
“Yaxın günlərdə Rusiya-Ukrayna savaşı fonunda Ukraynalı nazirin “1400 səhifəlik cinayət materiallarını bir araya gətirmişik” deyə bir çağırışına qulaq asırdım. Dərhal düşündüm ki, axı həmin dövlətlər özləri indiyədək bizim üçün bu mövqeyi irəli sürmürdülər. Axı Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) çərçivəsində biz əməkdaşlıq edirdik. Müxtəlif formatlarda bir araya gəlirdik. Gərək digər dövlətlər ərazisinin 20 faizi itirsin, öz həyatlarında bunu yaşamış olsunlar ki, bizi başa düşsünlər?! İşğal dövründə Şərqi Zəngəzur regionunun landşaftı, fauna və flora sistemi məhv edilib. Əkin sahələri və yaşayış əraziləri ermənilər tərəfindən minalanıb”.
Deputat Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Haaqada Beynəlxalq Cinayət Məhkəməsi (ICC) prezidenti Tomoko Akane ilə görüşünə toxundu:
“Roma Statutu ilə bağlı beynəlxalq konfransda Mirzoyan çıxış edib. O, Azərbaycanın əleyhinə bir dənə də olsun ifadə işlətmədi. Bu özü bir qədər onların realizmə yönəlmək istədiyini göstərir. Artıq anlayırlar ki, Zəngilandan Kəlbəcərə qədər bütün zolaq boyunca törətdikləri cinayətlərinin hamısı hissə-hissə beynəlxalq məkanda, hüquq sistemlərində, məhkəmə orqanlarında onların əleyhinə yönələcək məsələlərdir”.
Günəş Mərd
tag: Zahid Oruc ,Mirzoyan, Rusiya, Ukrayna, todaypress.az,