Yeni təyinat “Makronun Fransası”nda nələri dəyişəcək? - ŞƏRH
Təhlil
07.09.2024 13:14
“Fransa prezidenti Emmanuel Makron Mişel Barnyeni hökumətə Baş nazir təyin etməklə özünün və siyasi komandasının səhv yolda irəlilədiyini bir daha sübut etdi”.
Politoloq Tofiq Abbasov bunu TodayPress-ə şərhində deyib.
Onun sözlərinə görə, Makrona vacib olan Mişel Barnyenin onun komanda üzvlərindən və etimad göstərdiyi adamlardan biri olmasıdır:
“Bildirilir ki, bu adam 44 günlük İkinci Qarabağ savaşı zamanı Qarabağa qanunsuz səfər edib. Bu, onun Makronun komandası üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Bilirik ki, Makronun qanunsuz olaraq başqa dövlətin ərazi bütövlüyünü pozub, onun miqrasiya qanunlarına, sərhəd qanunlarına hörmətsizlik göstərmək kimi xoşagəlməz xüsusiyyəti var. Əlbəttə ki, bu müasir demokratiya, insan haqları prizmasından baxıldıqda heç də yaxşı görünmür. Amma Makron üçün bunun heç bir fərqi yoxdur”.
Analitik vurğulayıb ki, Azərbaycan tərəfi mövcud durumu nəzərə alır və Mişel Barnyenin ermənipərəst siyasətçi olduğunu bilir:
“Necə ki, Ermənistan bizim bölgədə iki müharibənin səbəbkarıdır, eləcə də Makron və onun tərəfdaşları Azərbaycanla soyuq müharibənin başlanmasının səbəbkarıdır. Biz burada günahsız tərəfik”.
Eskpert Fransa-Azərbaycan və Fransa-Ermənistan münasibətlərini müqayisə edib və bu xüsusda Fransanın yanlış dövlət siyasətinə diqqət çəkib:
“Azərbaycanın neft-qaz sektorunda Fransanın kifayət qədər güclü şirkətləri fəaliyyət göstərir, Ermənistanda isə onların cüzi kapitalı təmsil olunur (Haradasa bir milyard dollar civarında). Biz bununla bir daha görürük ki, həm Makron, həm də komanda yoldaşları ölkənin strateji maraqlarına etinasız yanaşır. İkinci, üçüncü dərəcəli məsələləri gündəmə gətirir, onların ətrafında böyük bir siyasət qurmağa çalışırlar. Fransa kimi nəhəng potensiala malik bir ölkənin balaca Ermənistana olan münasibəti ilə özünü dünyada təsdiqləməyə çalışması heç bir halda başa düşülən deyil”.
Politoloq sonda “Makronun Fransası”nın planetar səviyyədə heç də yetkin bir qüvvə olmadığını, onun korporativ maraqlarının milli maraqlarını üstələdiyini və qlobal dünyanın gözləntilərinə cavab vermədiyini diqqətə çatdırıb. Onun fikrincə, hadisələrin bundan sonrakı inkişafında Makron və onun komanda yoldaşları yenə səhv addımlar atmağa davam edəcək, Azərbaycan isə yetişkin bir ölkə olduğu üçün bundan heç bir ziyan görməyəcək.
Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Mişel Barnyeni ölkənin yeni Baş naziri təyin edib. O, 2021-ci ildə Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Günəş Mərd
tag: Fransa, Makron ,Mişel Barniyer, Qanunsuz, Baş Nazir, Azərbaycan, Neft, todaypress.az,