Yeni Roma Papası gəldi: Dünya siyasətinin konturları necə dəyişəcək?

Təhlil

09.05.2025 17:10

15

“Roma Papasının rəhbərlik etdiyi institut təbiəti etibarilə dini mahiyyət daşısa da, Vatikan uzun illərdir ki, açıq və gizli şəkildə qlobal siyasi proseslərdə mühüm oyunçuya çevrilib”.

Politoloq Tofiq Abbasov bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Vatikan təkcə dini rəmz deyil, eyni zamanda siyasi institutdur. Xüsusilə son onilliklərdə bu təsisatın beynəlxalq proseslərdəki çəkisi nəzərəçarpacaq dərəcədə artıb.

Rəsmi olaraq ruhani lider funksiyasını daşıyan Papa, əslində, dünyanın ən güclü kəşfiyyat şəbəkələrindən biri sayılan və Malta Ordeni ilə sıx bağlı olan Vatikan strukturlarına rəhbərlik edir. Bu təsisat təkcə dini çağırışlarla kifayətlənmir, eyni zamanda müxtəlif ölkələrin siyasi elitaları və hətta xüsusi xidmət orqanları ilə əlaqələr qurmaqda və koordinasiya yaratmaqda fəal iştirak edir.

“Bu, sadəcə bir şəxsin, hansısa Papalığın rəhbəri olan şəxsin iradəsindən asılı deyil. Hər yeni seçilən Papa artıq formalaşmış institutun irsinə, strukturuna və qlobal çərçivəsinə daxil olur. Onun siyasəti müəyyən fərqliliklər göstərə bilər, lakin əsas vektor dəyişməz qalır: Vatikan daim yenilənən, lakin öz əsas missiyasını qoruyub saxlayan güclü və təsirli bir qüvvədir”.

Analitik xatırladıb ki, İnkvizisiya dövründən tutmuş İkinci Dünya Müharibəsinə qədər Vatikan siyasi proseslərin mərkəzində dayanıb. Hətta faşist Almaniyasının süqutu zamanı matəm tutan iki dövlətdən biri məhz Vatikan olub. Bu, sadəcə dini təəssübkeşlik deyil, həm də həmin dövrdə Katolik Almaniyanın Vatikanla ideoloji və siyasi yaxınlığının göstəricisi idi.

Bundan başqa, Sovetlər İttifaqının süqutunda Vatikanın, konkret olaraq polşalı Papa II İoann Pavelin rolunu qeyd etmək lazımdır. Bu, sadəcə ruhanilik yox, həm də siyasi fəaliyyət nümunəsidir. 

Politoloq, yeni seçilmiş Papanın mənsub olduğu coğrafiyaya da diqqət çəkib. Belə ki, əvvəlcədən Afrika və ya Asiya təmsilçisinin seçilməsi ehtimalı müzakirə olunsa da, sonda ABŞ-dən olan bir nümayəndənin bu vəzifəyə gətirilməsi, əslində, Amerikanın nüfuzunun bu qərarda hiss olunmasından xəbər verir.     

“Yeni Papa artıq ilk açıqlamalarını verib, milyonlarla insan onu salamlayıb və Vatikanın gələcək rolu ilə bağlı müxtəlif ehtimallar səsləndirilib. Bu seçim ABŞ üçün növbəti geosiyasi üstünlük deməkdir və Ağ Ev lideri Donald Trampın belə bir nəticədən məmnun qalacağı da istisna edilməməlidir. Çünki Papa kürsüsündə güclü dövlətin nümayəndəsinin əyləşməsi təkcə Vatikanın deyil, həm də dünya siyasətinin konturlarını dəyişə bilər. Lakin unutmaq lazım deyil ki, ən böyük güc hər zaman əxlaq, mənəviyyat və insani dəyərlərdir. Əgər bu dəyərlər ön plana çıxarsa, dünya birliyi daha sağlam və ədalətli bir quruluşa nail ola bilər”.   

Qeyd edək ki, Vatikan tarixində ilk dəfə olaraq ABŞ vətəndaşı Roma Papası seçilib.

2025-ci il mayın 8-də keçirilən konklavda Kardinal Robert Frensis Prevost Kilsənin başçısı elan edilib və Papa Leo XIV adını qəbul edib.   

Töhfə Səməd

tag: Tofiq Abbasov,Politoloq,Vatikan,Dünya,Todaypress.az,

photo