Yeni reallıqda ATƏT-in Minsk Qrupuna ehtiyac yoxdur – Politoloq

Təhlil

21.06.2024 14:36

Prezident İlham Əliyev bu gün ABŞ dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ATƏT-in Minsk qrupunun fəaliyyətinə yenidən diqqət çəkib. Dövlət başçısı bu qurumun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtının çoxdan yetişdiyini bildirib.

Mövzu ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, bu, Azərbaycanın sözügedən məsələnin gələcəyə saxlanılmasının tərəfdarı olmadığını göstərir:

“Azərbaycan tərəfi bu il Ermənistanla proseslərin tez şəkildə həyata keçirilməsində maraqlıdır. Çünki 2025-ci ildə Rusiya və Ukrayna cəbhəsində vəziyyət dəyişə, müharibə dayana bilər. Əgər ABŞ-də Tramp hakimiyyətə gələrsə, bu, ABŞ-Rusiya-Fransa münasibətlərinin düzəlməsinə də gətirib çıxara bilər. Belə olan təqdirdə yenidən köhnə ssenariləri görə bilərik. Ona görə indiki halda Nikol Paşinyandan istəyimiz ATƏT-in Minsk qrupu ilə bağlı addımlar atmasıdır”. 

Politoloqun sözlərinə görə, Qarabağ məsələsi artıq həllini tapıb və ATƏT-in Minsk qrupu yoxdur: 

“Burada əsas önəmli faktor Qarabağ məsələsinin həll edildiyinə görə bu quruma, ümumiyyətlə, ehtiyacın olmamasıdır. Ona görə də indi Minsk qrupunun nə ilə məşğul olduğu bilinmir. Hər iki ölkə gələcəkdə bu qurumun nə iş görəcəyini bəlli etməlidir. Azərbaycan-Ermənistan arasındakı danışıqlar artıq yeni müstəviyə keçib. Minsk qrupuna yeni yanaşmaları gələcəkdə nəzərdən keçirə bilərik”. 

Xatırladaq  ki, bu, Prezident İlham Əliyevin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı bu il üçün üçüncü açıqlamasıdır. Dövlət başçısı ATƏT-in Minsk Qrupunun və onun bəzi təsisatlarının ləğvinin vaxtının gəlib çatdığı fikrini bu ilin fevralında sözügedən təşkilatın baş katibi xanım Şmidlə Münxendəki görüşündə və ötən ay Bakıda səfərdə olan ATƏT sədri ilə görüşdə səsləndirib.

Günəş Mərd

tag: ATƏT, Politoloq, Qarabağ Məsələsi, Prezident, Minsk Qrup, todaypress.az,

photo