Yeni oyunçulara fürsət: ABŞ Rusiya-Ukrayna müharibəsindən geri çəkilir – TƏHLİL
“ABŞ prezidenti Donald Trampın Ukraynaya təzyiqləri Amerikanın məğlubiyyətin bir hissəsi olmasından yayınmaq cəhdidir”.
TodayPress xəbər verir ki, politoloq Azər Qasımov bunu öz “Facebook” hesabında yazıb.
O bildirib ki, Ukraynanın Rusiya ilə müharibədə məğlub olması və bu savaşın hazırkı şərtlər altında başa çatması Rusiya üçün qələbə anlamına gələcək. Bu isə təkcə Ukraynanın deyil, həm də ABŞ, Avropa İttifaqı və "Ramşteyn" formatına daxil olan digər ölkələrin də məğlub olması deməkdir:
“Təbii ki, Rusiya bu vəziyyəti belə təqdim edəcək. Tramp isə özünü Rusiyanın yanında göstərərək bu məğlubiyyətdən kənarda qalmağa çalışır”.
Politoloqun fikrincə, Avropa İttifaqı mövcud vəziyyəti qəbul edə bilməz. O, hesab edir ki, Rusiya qələbə qazandığı halda, Avropanın fundamental prinsiplərini ciddi şəkildə sarsıdacaq.
“Rusiyanın qalibiyyəti, Avropanın bütün dəyərlərini yox edəcək. Daha doğrusu, dünyanın qalan hissəsinin mövcud dəyərlərə olan münasibətini dəyişəcək. Bu isə Avropanın cazibədarlığının sonu deməkdir. Belə olan halda Avropa heç kim üçün maraqlı olmayacaq. Buna görə də Aİ artıq ABŞ-nin yoxluğunda Ukraynada bilavasitə özü Rusiyaya qarşı mübarizə aparmaq məcburiyyətindədir. Bu, Avropa üçün tək çıxış yoludur”.
Azər Qasımov hesab edir ki, ABŞ-nin qlobal arenadan geri çəkilməsi əslində yeni beynəlxalq oyunçular üçün fürsət yaradır:
“ABŞ-nin kənara çəkilməsi əslində müsbət tendensiyadır. Bu, dünyada digər güclərin irəli çıxmasına imkan yaradacaq və yeni dünya düzəninin formalaşmasına səbəb olacaq.” Politoloq xüsusilə Türkiyə və Çinin bu boşluğu doldurmaq potensialına malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Türkiyənin son addımları da məhz bu strategiya çərçivəsində qiymətləndirilməlidir: “Türkiyənin indiyə qədər sanksiyalara qoşulmaması Rusiyanın ayaqda qalmasına böyük təsir göstərib. Lakin hazırkı vəziyyətdə Türkiyənin qarşı cəbhəyə keçməsi görüntüsü əslində onun daha böyük oyun oynamaq istəyindən irəli gəlir”.
A.Qasımovun fikrincə, bu dəyişikliklər dünyanın gələcək siyasi xəritəsində ciddi dəyişikliklərə səbəb ola bilər. ABŞ-nin dominant rolunun zəifləməsi və Avropanın müstəqil hərəkət etməyə məcbur qalması, qlobal güc balansını yeni istiqamətə yönəldə bilər.
Qiymət Mahir
tag: ABŞ,Rusiya,Ukrayna,Savaş ,Müharibə,Qlobal,Siyasət,