Yeni hərbi ittifaq: Serbiyanın Rusiya və Çinlə hərbi əməkdaşlığına meydan oxunur? - ŞƏRH
“Kosovo, Albaniya və Xorvatiya arasında üçtərəfli müdafiə sazişi Balkanların qərbyönlü dövlətləri arasında daha sıx hərbi əməkdaşlıq yaratmaqla Serbiyanın Rusiya və Çinlə olan ənənəvi təhlükəsizlik əlaqələrinə kölgə sala bilər”.
Politoloq Əlimusa İbrahimov bunu TodayPress-ə danışarkən deyib.
O, Kosovo, Albaniya və Xorvatiya arasında imzalanan üçtərəfli müdafiə sazişinin Serbiya tərəfindən ciddi narazılıqla qarşılandığını diqqətə çatdırıb:
“Bu razılaşma hərbi əməkdaşlığı, birgə təlimləri, kəşfiyyat məlumatlarının mübadiləsini və müdafiə sahəsində koordinasiyanı nəzərdə tutur. Serbiya bu sazişi yalnız qüvvələr balansının öz əleyhinə dəyişməsi kimi deyil, həm də regional mühasirə, NATO-nun Balkanlardakı təsirinin artması və Rusiya-Serbiya əlaqələrinin eskalasiyası perspektivi baxımından təhlükə kimi qiymətləndirir. Serbiya tarixən regionda nüfuzunu hərbi güc və diplomatik manevrlərlə qorumağa çalışıb. Lakin bu müqavilə, Balkanların qərbyönlü dövlətləri arasında daha sıx hərbi əməkdaşlıq yaratmaqla, Serbiyanın Rusiya və Çinlə olan ənənəvi təhlükəsizlik əlaqələrinə kölgə sala bilər”.
Analitikə görə, Xorvatiyanın NATO üzvü olması, Albaniya və Kosovonun isə müdafiə sahəsində daha sıx əməkdaşlığa can atması Serbiyanı strateji mühasirədə hiss etməyə vadar edə bilər:
“Serbiyanın dövlət kimi tanımadığı Kosovo isə tamhüquqlu hərbi gücə malik deyil və hazırda təhlükəsizliyini NATO-nun Kosovoda fəaliyyət göstərən beynəlxalq missiyana (NATO KFOR) arxalanaraq təmin edir. Lakin bu saziş Kosovonun hərbi inkişafını sürətləndirə, Serbiyanın bölgədəki təsir imkanlarını daha da zəiflədə bilər. Serbiya Kosovonun hərbiləşdirilməsinə ardıcıl olaraq qarşı çıxır və bunu birbaşa təhlükə kimi qiymətləndirir. Albaniya və Xorvatiyanın NATO üzvləri olması və onların Kosovonu müdafiə sahəsində dəstəkləməsi NATO-nun regiondakı təsirini dərinləşdirir. Serbiya isə bunu Rusiyanın təsirini məhdudlaşdırmaq və Qərbin təzyiqlərini artırmaq cəhdi kimi qəbul edə bilər. Bu hərbi ittifaq Kosovonun müdafiə imkanlarını genişləndirərsə, bu, Serbiya ilə Kosovo arasında hərbi eskalasiyanın riskini artıracaq. Serbiya tarixən Kosovo sərhədi yaxınlığında hərbi təlimlər keçirib və cavab olaraq müdafiə hazırlıqlarını gücləndirib. Bu razılaşmadan sonra Serbiyanın da hərbi xərclərini artıracağı gözlənilir”.
Ə. İbrahimov müqavilənin eyni zamanda NATO-nun Balkanlarda daha geniş təhlükəsizlik məqsədlərinə xidmət etdiyini və Serbiyanı regional müdafiə təşəbbüslərindən kənarda qoyduğunu əlavə edib.
Ekspert bunun NATO tərəfindən dəstəklənən təhlükəsizlik strategiyasını gücləndirərək Serbiyanın Rusiya və Çinlə hərbi əməkdaşlığına meydan oxuya biləcəyini də istisna etməyib.
Qeyd edək ki, Kosovo, Albaniya və Xorvatiya arasında üçtərəfli müdafiə sazişi imzalanıb. Albaniya Müdafiə Naziri Pirro Venqu, digər ölkələrin də bu alyansa qoşulmaqla maraqlandıqlarını bildirib. Lakin Serbiya, bu sazişi beynəlxalq legitimlikdən məhrum və bölgə üçün təhlükə yaradıcı bir addım olaraq qiymətləndirib. Serbiya Xarici İşlər Nazirliyi, Xorvatiya və Albaniyadan bu sazişin təfərrüatları barədə izahat tələb edib.
Qiymət Mahir
tag: Əlimusa İbrahimov,Politoloq,Serbiya,Rusiya,Çin,Todaypress.az,
