Yeni geosiyasi reallıqlar: “Çin burada gözləmə mövqeyindədir” – ŞƏRH

Təhlil

19.03.2025 18:07

1611

“Çinin Arktikaya marağı azalmayıb. İndi o, sadəcə yeni geosiyasi reallıqları qiymətləndirmək və strategiyasını bu reallıqlara uyğunlaşdırmaq üçün hazırlıqlarını davam etdirir”.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) analitiki Kazım Kazımov bunu TodayPress-ə danışarkən deyib.

O vurğulayıb ki, Çinin Arktika siyasətinə marağı XX əsrin sonlarında formalaşmağa başlayıb: 

“1990-cı illərdən etibarən bu regionla aktiv şəkildə maraqlanan Pekin XXI əsrdə qlobal gücünü artırdıqca Arktikada siyasi maraqlarını da gücləndirib. Çin yalnız siyasi deyil, iqtisadi və elmi baxımdan da Arktika siyasətində mühüm addımlar atmaq üçün konkret hədəflər müəyyənləşdirib və bu istiqamətdə fəal çalışır. Bu yanaşmanın ən bariz nümunəsi, Çinin 2021-2025-ci illər üçün növbəti beşillik inkişaf planında müasir buzqıran gəmilərin istehsalına xüsusi yer ayırmasıdır. Pekin artıq bu istiqamətdə bir neçə gəmi istifadəyə verib. 2024-cü ilin yayında “Jidi” adlı buzqıran gəmini istismara verməsi də bunun göstəricisidir.     

Ekspertə görə, Çin Arktikada yalnız ticarət maraqları güdmür, həm də elmi araşdırmalara ciddi önəm verir. O diqqətə çatdırıb ki, son illərdə Pekin bu regionla bağlı çıxışlarında elmi diplomatiya üslubuna üstünlük verir və daha korrektə edilmiş ifadələr işlədir:

“Məsələn, Çin özünü “Arktikaya yaxın ölkə” kimi təqdim edir, baxmayaraq ki, regiondan təxminən 800 mil (təqribən 1300 km) uzaqlıqda yerləşir. Bununla belə Pekin öz təsirini artırmağa çalışır. Lakin son dövrlərdə Çinin Arktika siyasətində gözləmə mövqeyi tutduğu müşahidə edilir. Bunun əsas səbəbi Rusiya və ABŞ arasında mümkün yaxınlaşmadır. Xüsusilə Ukrayna müharibəsi kontekstində Moskva və Vaşinqton arasında razılaşma əldə olunarsa, Pekin Arktikada hansı geosiyasi dəyişikliklərin baş verəcəyini diqqətlə izləyəcək. Burada Çinin qarşısında dayanan əsas sual budur: Arktikada rəqabət və ya əməkdaşlıq hansı tərəflə olacaq, Moskva ilə, yoxsa Vaşinqtonla?”. 

K.Kazımov Moskvanı Çin üçün daha etibarlı tərəfdaş hesab edir. Lakin analitik yeni geosiyasi dövrdə mümkün Tramp-Putin yaxınlaşmasının Moskvanı Pekin üçün müəyyən risk faktoruna çevirə biləcəyini də istisna etməyib:

“Bu səbəbdən Çin hazırda gözləmə mövqeyi tutur. Bununla belə, Çinin Arktikaya marağı azalmayıb. O, sadəcə yeni geosiyasi reallıqları qiymətləndirmək və strategiyasını bu reallıqlara uyğunlaşdırmaq üçün hazırlıqlarını davam etdirir”.

Qeyd edək ki, Pekin Moskva ilə Vaşinqton arasında mümkün əməkdaşlıq razılaşmasına görə, Arktika regionunda mövcudluq siyasətinə yenidən baxacağını bəyan edib.

Qiymət Mahir

tag: Kazım Kazımov,Politoloq,ABŞ,Çin,Todaypress.az,

photo