"Yeni dünya nizamına doğru" - Erməni barbarlığı Bakıda bir daha ifşa olundu
“Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi misli görünməmiş, çoxfunksiyalı barbarlıq aktlarına dünyanın siyasi qüvvələri tərəfindən obyektiv və adekvat reaksiya verilmədiyinə görə, bu gün hələ də vətəndaşlarımız mina terrorunun qurbanına çevrilir”.
Politoloq Tural İsmayılov bunu TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamaqla yanaşı, ölkəmizə qarşı bir çox cinayət aktları törədib.
“Xalqımız etnik zəmində Ermənistan tərəfindən müxtəlif soyqırım cinayətlərinə məruz qalıb, eyni zamanda mədəni abidələrimiz erməni vandallığının qurbanı olub. İşğal altında saxlanılan torpaqlarımızda Ermənistan çoxvektorlu dövlət cinayətləri həyata keçirib. Bütün şəhər və yaşayış infrastrukturları vəhşi hücumlara məruz qalıb”.
Analitik diqqətə çatdırıb ki, Azərbaycan hər bir platformada Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi çoxsaylı cinayətləri ifşa edir.
Cənab Prezident İlham Əliyev bütün beynəlxalq konfranslarda, ölkəmizdə keçirilən beyin mərkəzləri toplantılarında da bununla bağlı öz mövqeyini ən yüksək səviyyədə bəyan edir.
T. İsmayılovun fikrincə, biz artıq beynəlxalq medianın Qarabağla bağlı həqiqətləri və Ermənistanın barbar mahiyyətini ifşa etməsinə çalışmalıyıq.
Qeyd edək ki, aprelin 9-da ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib. Prezident İlham Əliyev forumda çıxışı zamanı bildirib ki, Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər.
Töhfə Səməd
tag: Tural İsmayılov,Politoloq,Yeni Dünya Nizamı,Erməni Barbarlığı,Todaypress.az,
