Yaxın Şərqin yenidən dizayn olunması prosesinə start verildi: Bəşər Əsəd devriləcək?

Təhlil

03.12.2024 17:45

“Hazırda Yaxın Şərqin yenidən dizayn olunması prosesi başladılıb. Bu konteksdə bir çox ölkələrin maraqları kəskin şəkildə toqquşur”. 

Politoloq Elçin Xalidbəyli bunu hazırda Suriyada müşahidə olunan gərginliyi TodayPress-ə şərh edərkən bildirib.  

Onun sözlərinə görə,  Rusiya və İran Əsəd rejimini dəstəkləyir, Ankara isə Suriya ərazisində fəaliyyət gösətərən PKK/YPG terror təşkilatının Türkiyənin milli təhlükəsizlik maraqlarına təhdid olduğunu bəyan edir. Bu terror təşkilatının birdəfəlik ləğv olunması istiqamətində cəhdlər göstərir:

“İndi Türkiyənin dəstəklədiyi silahlı müxalif qüvvələr Əsəd rejiminin üzərinə hücuma keçib. Onlar həm Əsəd rejiminin, həm də PKK/YPG terror təşkilatının nəzarətində olan əraziləri azad etməyə başlayıb. Ümumi götürdükdə bu proses ABŞ-nin və İsailin də eyni zamanda NATO ölkələrinin də maraqlarına cavab verir. Ona görə də, Suriyadakı PKK/YPG terror təşkilatını ABŞ-nin strateji tərəfdaşı elan edən Ağ ev hələlik bu prosesə hər hansı reaksiya vermir. Hər halda görünən odur ki, ABŞ Suriyada Əsəd rejiminin devrilməsi naminə PKK/YPG terror təşkilatını qurban verməyə hazırdır”. 

Analitik vurğulayıb ki, Türkiyə yaxın vaxtlarda Suriyadakı PKK/YPG terror təşkilatının tamamilə sıradan çıxarılmasında israrlıdır: 

“Rusiyanın başı Ukraynada qarışıb. İranın da Yaxın Şərqdəki proksi qüvvələri böyük ölçüdə zəiflədilərək sıradan çıxarıldığı üçün həm Rusiya, həm də İran hazırda Əsəd rejiminə əvvəlki kimi effektiv dəstək verə bilmirlər. Belə stiuasiyada da Əsəd rejimi faktiki olaraq silahlanmış müxalifət qüvvələri qarşısında təklənmiş kimi görünür. Belə davam edərsə, birləşmiş müxalifət qüvvələri tezliklə həm Əsəd rejimini, həm də terrorçu PKK/YPG qüvvələrini sıradan çıxaracaqlar. Görünən odur ki, Suriya ərazisində baş verən hadisələr faktiki olaraq Yaxın Şərqin yenidən dizayn olunmasında ümumi mənzərəyə birbaşa təsir göstərəcək”.

Qeyd edək ki, noyabrın 27-dən Suriyada vəziyyət gərginləşib. Üçgünlük döyüşlərdən sonra üsyançılar 2016-cı ildən bəri ilk dəfə ölkənin ikinci ən əhəmiyyətli şəhəri olan Hələbə daxil olublar və bölgəni nəzarət altına alıblar.

Günəş Mərd

tag: Türkiyə, Suriya, Əsəd, PKK, Yaxın Şərq, Rusiya, todaypress.az,

photo