Yaxın Şərqdə hərarət artır: Qərbin “dağıdıcı planı” nəyi ehtiva edir? - POLİTOLOQ ŞƏRHİ

Təhlil

30.07.2024 12:05

“Gərgin xarici siyasət dönəmini yaşayan Rusiya Yaxın Şərqdəki münasibətləri yumşaltmağa çalışır”. 

Bunu politoloq Tofiq Abbasov Yaxın Şərqdəki vəziyyəti TodayPress-ə şərh edərkən deyib. 

Onun sözlərinə görə, hazırda Rusiyanın dost itirən yox, dost qazanan vaxtıdır. Bu baxımdan o, Yaxın Şərqdə münaqişədə olan ölkələr arasında vasitəçiliyə can atır:   

“Rusiya indi Suriya ilə Türkiyəni barışdırmağa çalışır. Ankara da Dəməşqlə münasibətlərini normal məcraya gətirməkdə maraqlıdır. O, bununla mümkün risklərdən qorunmağa çalışır. Bəşər Əsəd bir yandan öz suverenliyini bərpa etmək, digər tərəfdən isə ölkəni xarici qoşunlardan təmizləməklə, xarici siyasətini geniş magistral yola çıxarmaq niyyətindədir. Bu kontekstdə Moskvanın rolu önəmlidir”.  

Politoloq düşünür ki, Qərbin Yaxın Şərqlə bağlı dağıdıcı planları var. Bu plan çərçivəsində özünü mühafizə etməyə çalışan ilk ölkə Suriyadır: 

“Bilirik ki, Yaxın Şərqdə hər hansı gərginlik yaşanarsa, bütün ölkələr bu prosesə qatıla bilərlər. Bu baxımdan da təhlükəsizliyin istehsal olunub, dövriyəyə buraxılması indi vacib məsələdir. Rusiya, Türkiyə, Suriya və digər ölkələr hazırda bu istiqamətdə prinsipal yanaşma nümayiş edirirlər. Amma əsas məsələ Qərbin Yaxın Şərqin siyasi xəritəsini dəyişməyə çalışmasıdır. Burada parçalanmalar, separatizm zəminindəki münaqişələr gözlənilir. Kürd dövlətinin yaradılması ehtimalları var”.

Analitik İsrail və Livan arasındakı mövcud gərginlikdən də söz açdı.  Onun fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahu Amerikada olarkən "Hizbullah"a qarşı müharibəyə başlamaq planını razılaşdırıb. 

Hazırda Azərbaycanın Yaxın Şərqdəki əsas marağı Türkiyənin təhlükəsizliyinin təmin olunması, onun müdafiə və hücum potensialının artmasıdır. Azərbaycan dostlarla münasibətləri korlamamağa çalışır. Eyni zamanda lazım gələrsə, rəsmi Bakı Türkiyə ilə İsrail arasında vasitəçiliyini nümayiş etdirə bilər. Çünki hər iki ölkənin Azərbaycan üçün əhəmiyyəti var. 

Günəş Mərd

tag: Yaxın Şərq,Türkiyə, Rusiya, Ankara, İran, Dəməşq, todaypress.az,

photo