“Yalnız bir halda Kiyevə savaşdan çıxmaq tapşırılacaq” - ŞƏRH

Təhlil

02.09.2024 16:00

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın hərbi əməliyyatları niyə dayandırmaq istəmədiyini açıqlayıb. O, bildirib ki, əgər hərbi əməliyyatlar dayansa, Kiyev hərbi vəziyyəti ləğv etməli, prezident seçkiləri keçirməli olacaq. 

Məsələ ilə bağlı TodayPress-ə danışan siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Vladimir Putin Ukrayna məsələsində Rusiya maraqları çərçivəsində danışır: 

“Açıqladığı bu səbəblər də daha çox Ukraynanın daxili ictimai məkanına müdaxilə etmək məqsədi daşıyır. Düzdür, Ukrayna Konstitusiyasına əsasən Volodimir Zelenskinin səlahiyyət müddəti başa çatıb. Ancaq ölkədə hərbi vəziyyət davam etdiyindən prezident seçkilərinin keçirilməsi təxirə salınıb. Müharibə başa çatdıqdan sonra seçkilərin keçirilməsi nəzərdə tutulub. Təbii ki, Rusiya tərəfi bu məsələni öz üslubu ilə qabardıb, gündəmə gətirməyə üstünlük verir. Bununla da müharibəni Zelenskinin şəxsi maraqları ilə əlaqələndirməyə çalışır”. 

Analitikin sözlərinə görə, müharibənin müddətinin uzanmasının 2 əsas səbəbi var: “İlk növbədə Rusiya qoşunları Ukrayna ərazisinə hücum edib və bir qismini nəzarətə götürüb. Əgər Putin həqiqətən də savaşın dayanmağını istəyirsə, o zaman Rusiya qoşunlarının həmin ərazidən çıxarılmasını əmr etməlidir. Ancaq indiki situasiyada Ukraynanın ərazi məsələsində Rusiyaya güzəştə gedəcəyini gözləmək heç də inandırıcı deyil. Ukraynanın münaqişəyə davam etməsinin əsas səbəbi də elə bundan ibarətdir”. 

Elçin Xalidbəyli ikinci səbəb kimi Ukraynanın beynəlxalq müttəfiqlərindən asılılığını göstərib.  Çünki ABŞ, Avropa İttifaqı (Aİ), eləcə də NATO-ya daxil olan ölkələr indiyə qədər həm maliyyə, həm də hərbi texnika baxımından rəsmi Kiyevə dəstək veriblər. Bu qədər böyük, fantastik qiymətlərlə ölçülən dəstəyin müqabilində prezident Zelenski ABŞ və Qərbin Ukrayna müharibəsi ilə bağlı mövqeyini nəzərə almaq məcburiyyətindədir: 

“Ukrayna indi savaşdan çıxsa belə, postmüharibə dövründə ayağa qalxa bilməsi üçün yenə də Qərbin dəstəyinə ehtiyacı var.  Qərbdə isə hesab edirlər ki, Ukrayna müharibəsi hələ uzun müddət davam etməli, Moskva zəifləməlidir. Rusiya beynəlxalq məkanda heç bir təsir gücü olmayan, sıxışdırılmış bir dövlət vəziyyətinə gətirilməlidir. Bu situasiyada Ukrayna ABŞ-nin, NATO-nun və kollektiv Qərbin razılığı olmadan Rusiya ilə müharibəni dayandırmaq hüququna malik deyil”.

Siyasi şərhçinin qənaətincə, nə vaxt Qərbin maraqları müharibənin dayandırılmasını tələb edəcəksə, o zaman rəsmi Kiyevə savaşdan çıxmaq üçün direktivlər, təlimatlar veriləcək. Bundan sonra Ukrayna hakimiyyəti də Rusiya ilə sülh danışıqlarına, müharibənin dayandırılmasının şərtlərini müzakirə etməyə başlayacaq. Bu şərtlər də heç şübhəsiz ki, kollektiv Qərb və ABŞ tərəfindən hazırlanacaq. 

Töhfə Səməd

tag: Ukrayna,Rusiya, Ukrayna, Analitik, Elçin Xalidbəyli, Putin, Zelenski,Münaqişə ,todaypress.az,

photo