XİN başçılarının görüşü sülhə yeni nə vəd edir? - Politoloq AÇIQLADI
Təhlil
25.09.2024 17:45
“ABŞ-nin təşəbbüsü ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi gözlənilirdi. Bundan öncə də dövlət katibi Antoni Blinkenin Azərbaycan prezidentinə telefon açaraq Vaşinqtonun ikitərəfli formatda davam edən danışıqları alqışladığını bəyan etməsi, eyni zamanda bu prosesə töhfə verməyə hazır olduğunu bildirməsi Ağ Evin növbəti dəfə moderator olmaq niyyətindən irəli gəlirdi”.
Bunu TodayPress-ə verdiyi açıqlamada siyasi şərhçi Elşad Paşasoy deyib.
Onun sözlərinə görə, bütün bu səylərə baxmayaraq, ən uğurlu format ikitərəfli qaydada danışıqların davam etdirilməsidir:
“Azərbaycan və Ermənistan tərəfi bu işin öhdəsindən gələ bilər. Yetər ki, digər qüvvələr prosesə neqativ təsir göstərməyə çalışmasınlar. Amma çox təəssüf ki, son aylarda, xüsusilə Avropa İttifaqında (Aİ) moderator rolunu oynayan və proseslərdə gərginlik yaratmağa daha çox meyl göstərən Fransa başda olmaqla, bir sıra ölkələr tərəfindən Ermənistana maliyyə, hərbi dəstəyin verilməsi, silah-sursatın satılması kimi faktlar Azərbaycan tərəfindən sərt şəkildə qarşılandı. Belə olan təqdirdə danışıqların hər hansı bir mənası qalmır”.
Analitik bildirib ki, hazırda yaranan pauzalardan istifadə edən Qərb qüvvələrinin hazırladıqları “danışıqlar masası” tamaşası təbii ki, birmənalı qəbul oluna bilməzdi. O, xatırladıb ki, Nikol Paşinyan Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Azərbaycan prezidenti ilə görüş şansından faktiki olaraq özünü məhrum etdi. Paşinyan ayrı-ayrı qüvvələrin diqtəsi ilə ikitərəfli qaydada liderlər səviyyəsində görüşə razılıq vermədiyini ifadə etməklə, faktiki sülh prosesini pozduğunu nümayiş etdirmiş oldu. Bundan sonra isə növbəti dəfə kimin təklif etməsindən asılı olmayaraq, belə bir görüşün keçirilməsi mənasız olardı. Nazirlər səviyyəsində görüş isə hələ bu ilin əvvəlindən razılaşdırılmışdı.
“İstisna deyil ki, hər iki ölkənin nazirlərinin Nyu-Yorkda təşkil olunacaq görüşündə ötən aylar görülən işlərlə bağlı xatırlatmalar olacaq, diplomatik şəkildə pozitiv meyillər, münasibət ifadə ediləcək. Ermənistan XİN rəhbəri də dəfələrlə ölkəsinin sülhə hazır olduğunu və tarixi şəraitin yetişdiyini bəyan etməsinə baxmayaraq, hələ də Azərbaycana qarşı ərazi iddialarının əksini tapdığı konstitusiyasını dəyişdirməyə tələsmir. Eyni zamanda Minsk qrupu adlı mənasız bir qurumdan imtina etmək niyyətində deyil. Belə olan təqdirdə sülhün dayanıqlılığına da şübhələr yaranır”.
Elşad Paşasoyun fikrincə, Ermənistanın silahlanmaya davam etməsi revanşizmin növbəti dəfə baş qaldırması deməkdir. Belə olan təqdirdə heç şübhəsiz ki, yekun sülh sənədinin imzalanması mümkün olmayacaq. İmzalansa belə, onun sülhü təmin edəcək sənədə çevrilməsi hazırda şübhə doğurur. Bu mənada keçiriləcək görüş sadəcə ABŞ-nin növbəti dəfə özünün sülhə töhfə verdiyini isbata yetirmək üçün təşkil edəcəyi xoşməramlı missiya olacaq. Ona görə də böyük nəticələr gözləmək mənasız olar.
Xatırladaq ki, sentyabrın 26-da Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
Töhfə Səməd
tag: Ermənistan ,ABŞ ,Nyu-York ,Ceyhun Bayramov, Azərbaycan ,Blinken ,Ararat Mirzoyan ,todaypress.az,