Xəzərin səviyyəsi enir: Bəzi sahələr zərər görəcək – Ekspert

Təhlil

20.06.2024 13:20

Rumıniyanın keçmiş Baş naziri Petre Roman Bakıda “COP29”la bağlı keçirilən görüşdə Xəzər dənizində suyun səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldığına diqqət çəkib. Onun sözlərinə görə, Xəzərdə suyun səviyyəsi artıq iki metr aşağı düşüb. 

Mövzu ilə bağlı TodayPress-ə danışan ekoloq-alim Ənvər Əliyev bildirib ki, Xəzər dənizində suyun səviyyəsi azaldıqca, sahilyanı ölkələrin infrastrukturunda müəyyən problemlər yaranacaq:

“Balıqçılıq sahəsi, eyni zamanda dəniz ətrafında tikilən çimərliklər bundan ciddi zərər görəcək. Təzad ondadır ki, Xəzərdə suyun səviyyəsi artanda da problem yaşanır. Su infrastrukturların yarısını yuyub dağıdır. Limanlarda gəmilərin naviqasiya sistemində ciddi problemlər yaranır. Gəmilər limanlara yaxınlaşa bilmirlər. Bəzi sualtı qayalıqlar, sonradan dənizə atılmış dəmir tullantıları, batmış xırda gəmilərin qalıqları da fəsadlara yol açır. Bəziləri hətta Xəzərin sahillərində binalar tikmək, bəziləri isə fürsətdən istifadə edib oradakı torpaq sahəsindən yararlanmaq istəyir. Bunların hamısının dənizə birbaşa təsiri var”. 

Dənizin suyunun azalması və sahil zolaqlarında suyun çəkilməsi, həmçinin şoran torpaqların çoxalması ilə də nəticələnir. 

Qeyd edək ki, Azərbaycan ilə yanaşı, Türkmənistan, Rusiya, Qazaxıstan və İran da Xəzəryanı ölkələrdir. Suyun səviyyəsinin azalması ölkəmizlə yanaşı, bu dövlətlərdə də ciddi fəsadlara gətirib çıxara bilər.

Günəş Mərd

tag: Xəzər, Ekspert, Ənvər Əliyev, Dənizin suyu,todaypress.az,

photo