Vədə yetişdi: “Trampın qərarı BMT-nin sonu ola bilər" – PROQNOZ

Təhlil

06.03.2025 19:30

1271

"BMT ABŞ-nin milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla siyasi itkilərlə üzləşir".

Politoloq Turan Rzayev bunu Respublikaçı konqresmenlərin ABŞ-nin BMT-dən çıxması ilə bağlı qanun layihəsini təqdim etməsi haqqında TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, bu layihə ölkənin BMT-yə üzvlüyünün ləğvini, təşkilatın maliyyələşdirilməsinin tam dayandırılmasını və BMT-nin sülhməramlı missiyalarında iştirakın qadağan olunmasını nəzərdə tutur. 

“Prinsip etibarilə ABŞ-də müxtəlif vaxtlarda bənzər qanun layihələri irəli sürülüb. Amerika lideri Donald Trampın hakimiyyətə gəlişi ilə bu məsələni yenidən aktuallaşıb. ABŞ-nin BMT-ni tərk etmək istəməsinin isə bir neçə səbəbi var:

Bunlardan birincisi maliyyədir. ABŞ BMT-yə ən çox pul xərcləyən ölkədir. Trampın hazırda ABŞ-nin xarici xərclərini azaltmağa çalışdığını nəzərə alsaq, bu versiya ağlabatandır. Bundan başqa, təşkilatın beynəlxalq siyasətdəki mövqeyi Amerika dəyərləri ilə ziddiyyət təşkil edir. Respublikaçı senatorlar hesab edirlər ki, BMT ABŞ-nin milli maraqlarına uyğun fəaliyyət göstərmir və ölkə bu təşkilata üzv qalmaqla siyasi itkilərlə üzləşir".  

Analitik xatırladıb ki, ABŞ-nin BMT-dən tam çıxması təşəbbüsləri həmişə nəticəsiz qalıb. Çünki demokratlar bu addımı beynəlxalq diplomatiyaya ağır zərbə kimi qiymətləndirir və ABŞ-nin qlobal liderliyini zəiflədə biləcəyini deyirlər.

"Demokratların mövqeyi çox vacibdir. Çünki ABŞ-nin BMT-dən çıxması üçün qanun layihəsi həm Nümayəndələr Palatası, həm də Senat tərəfindən təsdiqlənməli, daha sonra prezident tərəfindən imzalanmalıdır. Hazırda layihənin Konqresdə nə dərəcədə dəstək qazana biləcəyi sual altındadır. Bununla belə, Tramp bir yolunu tapıb, ABŞ-ni BMT-dən çıxararsa, bu, təşkilatın dağılması deməkdir. Müqayisə üçün deyim ki, ABŞ-nin BMT-nin sələfi olan Millətlər Cəmiyyətindən ayrılması bu təşkilatın beynəlxalq gücünü itirməsinə, daha sonra dağılmasına səbəb oldu. Analoji addım BMT-nin də dağılmasına zəmin yarada bilər".

Politoloq bildirib ki, BMT-nin fəaliyyəti təkcə ABŞ deyil, həm də bir çox böyük və kiçik ölkələr tərəfindən tez-tez tənqid edilir. Faktiki olaraq təşkilat ya qərar verə bilmir, ya da verilən qərarları icra edilə bilmir. Buna görə hazırda iki əsas yanaşma var:

"Ya BMT-də reformlar olmalı, ya da təşkilat ləğv edilib, yeni sistem tərtib edilməlidir. Hələlik ABŞ ikincini daha çox dəstəkləyir, lakin niyyəti beynəlxalq hüququ və sistemi dəyişməkdirsə, ilk növbədə dünya miqyasında nəzarətli xaosa ehtiyac var. Bunu iki ssenari ilə yarada bilər:

1. İran-İsrail müharibəsi fonunda İrana müdaxilə;

2. Tayvan münaqişəsi və buna paralel Kəşmir, Koreya münaqişələrinin alovlanması.

Hər iki ssenari və ya tamam başqa ssenari üzrə yaradılacaq nəzarətli xaosdan sonra ABŞ yeni dünya nizamını tərtib edə bilər. Yeni dünya nizamında isə heç kəsin veto hüququ olmamalıdır. Xatırladım ki, ABŞ İkinci Dünya müharibəsinin müttəfiqləri və sonradan rəqibləri olacaq SSRİ və Çin ilə qələbə qazandığı üçün yeni nizamda onlara da yer verməli oldu. Söhbət BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və onların veto hüququndan gedir". 

Turan Rzayevin qənaətincə, indi Vaşinqton Moskvaya Ukrayna ərazilərinin bir qismini, Çinə isə Tayvanı güzəştə gedərək onların veto hüququndan imtinasına nail ola bilər. Yeni nizamda isə sadəcə nüfuzu, pulu və təsir gücü olan dünya ölkələrinin səsini qazanıb istəklərini reallaşdıra bilər. 

"Hər halda proseslər tamam fərqli də ola bilər. Xarici mediada hazırda belə bir iddia var ki, Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampı Moskvaya qələbə paradına dəvət edib. Çin lideri Si Cinpinin də bura səfəri gözlənilir. Bu iki səfər baş tutarsa, Tramp planını Putin və Cinpinə aça, vəd verə bilər. Hər halda bunu zaman göstərəcək" deyə o nitqini yekunlaşdırıb.

Qeyd edək ki, ABŞ-də respublikaçı konqresmenlər ölkənin Birləşmiş Millətlər Təşkilatından (BMT) tam çıxmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər. Senator Mayk Linin müəllifi olduğu layihə təqdim edildikdən sonra ölkə təşkilatın tərkibindən çıxmaqla yanaşı, həm də maliyyələşməni tamamilə dayandıracaq.

Töhfə Səməd

tag: BMT ,ABŞ,Turan Rzayev,BMT,Mayk Lin,todaypress.az,