Vaxtından öncə tamamlanan missiya – DİPLOMATİYAMIZIN UĞURU
Təhlil
13.06.2024 17:50
“Rusiya sülhməramlı kontingentinin Azərbaycan ərazilərindən ən qısa müddətdə çıxarılması Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin növbəti diplomatik uğurudur”.
Bu sözləri hərbi ekspert Ədalət Verdiyev TodayPress-ə açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, antiterror tədbirlərindən sonra artıq rus kontingentinin ərazidə yerinə yetirəcəyi bir funksiya qalmayıb:
“Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərinə 2020-ci ildə əldə olunan qələbədən sonra tərəflər arasında atəşkəs rejiminə nəzarət etmək məqsədi ilə daxil edilmişdi. Amma bu müddətin başlanğıcında yox ordumuzun həyata keçirdiyi antiterror tədbirlərindən sonra rus kontingentinin fəaliyyətlərini müsbət qiymətləndirmək olar.
Daha əvvəl müəyyən çatışmazlıqlar mövcud idi və bu Azərbaycan mediasında geniş müzakirə olunurdu. Rus kontingentinin gözü qarşısında Azərbaycan ərazilərinə silah-sursat, texnika vasitələri, şəxsi heyyətlə avadanlıqların daşınmasını, eləcə də, ərazilərimizə müharibədən sonra istehsal olunan minaların gətirilməsini görməzlikdən gəlməsi təbii ki, bizi narahat edən faktorlardan idi.
Rus sülhməramlılarının ərazidə olduğu müddətdə Azərbaycan ordusu tərəfindən Laçın, Ağdam və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılmasını, eləcə də, Qubadlı və Zəngilanın onlarla kəndinin erməni işğalçılarından təmizlənməsini isə onların müsbət fəaliyyətlərinə aid edilə bilər”.
Ədalət Verdiyev qeyd edib ki, istənilən halda artıq bu gün rus kontingentinin qərargahının yerləşdiyi Xocalı aeroportunda Azərbaycan bayrağı dalğalanır:
“Ən önəmlisi bu proses heç bir diplomatik, hərbi siyasi polemikalar olmadan nə Azərbaycan, nə Rusiya tərəfindən prosesin gedişatı ilə bağlı heç bir narazılıq ifadə olunmadan, həm də müddətin başa çatmasından 18 ay əvvəl tamamlandı. Rus kontingentinin Azərbaycan ərazilərindən ən qısa müddətdə çıxarılması isə Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin növbəti diplomatik uğurudur”.
Xatırladaq ki, aprelin 17-də başlanılan Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin tam çıxarılması prosesi dünən yekunlaşıb. Rus sülhməramlıları Xocalı hava limanından təntənəli mərasimlə hərbi texnikaları ilə birgə yola salınıb.
Allahverdi Nadiroğlu
tag: Ədalət Verdiyev, İlham Əliyev, Qarabağ, Qərargah, Xocalı, todaypress.az,