Vaşinqton və Kiyev sazişə imza atdı: Ukrayna üçün nə dəyişəcək?

Təhlil

01.05.2025 17:00

22

“ABŞ və Ukraynanın faydalı qazıntılarla bağlı saziş imzalaması rəsmi Kiyev üçün müsbət adımdır”.

Politoloq Natiq Miri bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, bu, Ukrayna-ABŞ iqtisadi əməkdaşlığında böyük sənəd hesab olunur.     

“Ağ Evin Ukraynada iqtisadi cəhətdən bir çox böyük layihələr həyata keçirməsi, dolayısı ilə ölkənin təhlükəsizliyinə də töhfə verəcək. Çünki ABŞ-nin buradakı fəaliyyəti digər dövlətlər üçün çəkindirici məqamdır. Digər tərəfdən isə ABŞ, Ukrayna iqtisadiyyatının dirçəldilməsinə, həm də texnoloji cəhətdən inkişafına böyük töhfə verəcək. Həm də dağıdılmış Ukrayna şəhərlərini, yaşayış məskənlərini yenidən ayağa qaldırmaq üçün birgə fond yaradılacaq ki, bunun nəticəsində ölkənin dirçəldilməsi layihəsinin həyata keçirilməsinə başlanılacaq”.

Analitikin qənaətincə, bu bir növ, İkinci Dünya müharibəsindən sonra Avropada baş verən Marşal Planına oxşayır: 

“Doğrudur, burada Ukraynanın yeraltı-yerüstü faydalı qazıntılarının birgə istismarından söhbət gedir. Ancaq Ukrayna dövləti yaxın zaman çərçivəsində bunu tək başına edə biləcək durumda, gücdə deyil. Bunun üçün ABŞ kimi böyük bir dövlətə və ciddi investisiyalara, texnoloji üstünlüklərə ehtiyacı var. Məhz bu üstünlüklər Ukraynaya, ölkənin hər mənada dirçəlməsinə töhfə verəcək”.     

N.Miri diqqətə çatdırıb ki, bu, həm də müharibənin gələcək nəticələrinə də təsir gösətərəcək, ABŞ-nin Ukrayna hökümətinə qarşı müsbət addımlar atmasına səbəb olacaq. Çünki Rusiya hələki, atəşkəs oyunundan başqa real heç bir güzəşt və danışıqlar ortaya qoya bilməyib. 

“Hansısa mərhələdə Rusiyanın ABŞ-yə qarşı böyük oyun oynadığı və zaman qazandığı ifşa olunarsa, bu da əlbəttə ki, Ukraynanın xeyrinə işləyə biləcək bir durum yarada bilər. Hər bir halda, bu sazişin imzalanması indiki Ukraynanın ağır vəziyyətində ölkə üçün strateji əhəmiyyət daşıyır”. 

Qeyd edək ki, mayın 1-də ABŞ və Ukrayna birgə investisiya fondunun yaradılmasını nəzərdə tutan faydalı qazıntılara dair sazişi imzalayıblar. Saziş ABŞ-yə alüminium, qrafit, neft və təbii qaz da daxil olmaqla Ukraynanın təbii ehtiyatlarının inkişafı ilə bağlı yeni investisiya layihələrinə imtiyazlı giriş imkanı verəcək. 

Həmçinin, sənədə əsasən, Ukrayna yeni icarə haqqı və yeni sahələrdə faydalı qazıntıların çıxarılması üçün yeni lisenziyalardan əldə olunan bütün gəlirin 50 %-ni bu fonda verəcək. ABŞ və Ukrayna fondun idarə olunmasında bərabər səsə sahib olacaqlar.

Töhfə Səməd

tag: Natiq Miri,Politoloq,ABŞ,Ukrayna,Todaypress.az,

photo