“USAID-nin əsl mahiyyəti dəqiq faktlarla ifşa olunur” – Millət vəkili
"ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinin Ağ Evin yeni rəhbəri Donald Tramp tərəfindən dayandırılması bir çoxları üçün gözlənilməz olsa da, əslində Trampın prezidentliyinin 1-ci dövründə artıq USAID-nin proqramlarına skeptik yanaşmalar olub".
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev öz "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, Tramp o zaman hakimiyyətə gələndə təcrübəsinin azlığı səbəbindən agentliyin bağlanması kimi qətiyyətli addımlar ata bilməyib. Lakin o, ikinci dəfə prezident seçkilərində qələbə qazandıqdan sonra daha cəsarətli və qətiyyətli qərarlar qəbul edib:
"Vəziyyət o yerə çatıb ki, yeni yaradılan hökumət Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask USAID-ni "cinayətkar təşkilat" adlandırıb. Həmçinin agentliyin "peşəkar xarici fırıldaqçılıq şəbəkələrinin" böyük məbləğdə vəsaiti oğurladığını, saxta rəqəmsal ABŞ vətəndaşları yaradaraq hökuməti aldadaraq pul qazandıqlarını deyib. Etiraf etməliyik ki, USAID haqqında bu cür sərt bəyanatın veriləcəyini heç kim gözləmirdi. İlk dəfədir ki, USAID-nin əsl mahiyyəti bu qədər dəqiq və faktlarla ifşa olunur. Həm də ABŞ admisnitrasiyasi özünün xarici siyasətində USAID kimi təşkilatların səmərəsiz olduğunu etiraf edir".
Parlamentarinin fikrincə, Tramp administrasiyası USAID vasitəsilə dövlətlərin suverenliyinə və siyasi müstəqilliyinə kobud müdaxilədən imtina edəcək. Həmçinin həmin ölkələrin qanuni seçilmiş hakimiyyətini, konstitusion quruluşunu QHT və mətbuat mənsublarını maliyyələşdirərək dəyişməyə cəhd etməyəcək. Təbii ki, bu ehtimalların nə qədər özünü doğruldacağını yalnız yaxın aylarda müşahidə etmək olacaq. Ancaq istənilən halda Trampın USAID-nin baş qərargahının bağlanması və orada ciddi yoxlamalara başlması haqqında qərarı təqdirə layiqdir.
"Belə addımlar imkan verir ki, kök salmış cinayətkar, ermənipərəst şəbəkə tamamilə sıradan çıxsın. Yaxşı ki, Azərbaycan özünün dövlət suverenliyinə və siyasi müstəqilliyinə qrant proqramları vasitəsilə qanunsuz müdaxilə edilməsinin qarşısını almaq üçün vaxtında təsirli addımlar atmağı bacarıb. Qrant vəsaitindən sui-istifadələrə yol verməmək, hesabatlılığı və şəffaflığı təmin etmək, milli təhlükəsizliyimizə təhdid yarada biləcək layihələrin qarşısını almaq məqsədilə 2012-2015 illərdə “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Qrant haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və digər müvafiq qanunlarda dəyişiklər edilib və bu sahədə olan bütün boşluqlar aradan qaldırılıb.
Sonrakı hadisələr, xüsusilə, Gürcüstanın eyni addımlar atmasına, yəni, xarici müdaxilənin qarşısını almasına yönəlmiş qanunvericilik təşəbbüsünə Bayden administrasiyasının və Avropa İttifaqının sərgilədiyi sərt və qeyri-adekvat siyasət, tətbiq olunan sanksiyalar bir daha sübut etdi ki, bu yardımların və qrantların tək məqsədi hakimiyyətləri nəzarətdə saxlamaq və lazım gələndə onlara qarşı təzyiq mexanizmi kimi istifadə etmək olub".
O hesab edir ki, xarici təsir mexanizmi 2020-ci ildə mövcud olsaydı, o zaman Vətən müharibəsində USAID-nin ermənidən daha çox erməni olan direktoru Samanta Pauer kimilər daxildə istənilən təxribatı törətməkdən çəkinməzdilər:
“Azərbaycana daxildən müdaxilə edə bilməyən bu təşkilatlar onun qisasını ölkəmizə qarşı ən çirkin kampaniyaları maliyyəşdirməklə, Ermənistana hər cür maddi və siyasi dəstək verməklə almağa çalışdılar. Ancaq ümid edək ki, Trampın dediyi kimi, "radikal dəlilər tərəfindən idarə olunan" USAID tam təmizlənəcək və orada kök salmış erməni şəbəkəsi və anti-Azərbaycan qruplaşmasının fəaliyyətinə birdəfəlik son qoyulacaq”.
Töhfə Səməd
tag: USAID,Azay Quliyev,Facebook,Tramp,Todaypress.az,
