“USAID kartı” sıradan çıxır: “Qlobal savaş yenidən alovlanacaq” - ŞƏRH
Təhlil
04.02.2025 12:05
“Freedom House, USAID kimi bir sıra təşkilatların əsas məqsədi lazım olan zaman dövlətlərə təzyiq kartı kimi istifadə olunmasıdır”.
Politoloq Əli Zülfüqaroğlu bunu USAID-in ləğvi ilə bağlı yayılan məlumatları TodayPress-ə şərh edərkən deyib.
O, Birləşmiş Ştatlar daxilində bu təşkilatların bir sıra problemlər yaratdığını və eyni zamanda Tramp administrasiyası ilə Cozef Bayden administrasiyası arasındakı ideolojik ziddiyətlərin arxasında bu yanaşmanın dayandığını xatırladıb. Bu xüsusda bildirib ki, Trampın siyasəti ABŞ-ni qlobal maliyyə təchizatlarının əsarətindən xilas etmək və dövləti əsl sahiblərinə qaytarmaq xarakteri daşıyır:
“Bunun üçün Tramp inauqurasiya mərasimində ilk siqnalları verdi. Bir sıra tezislər səsləndirdi və eyni zamanda İlon Maskın sahəsi ilə bağlı “Hökmümüz Marsa qədər uzanacaq” tezisini açıqladı. Bu tezis baş verən və bundan sonra da ciddi təhlükələrlə müşahidə olunacaq savaş qıfılının açarıdır”.
Politoloqun sözlərinə görə qlobal maliyyə təchizatları mondializm nəzəriyyəsinə əsaslanır və onlar hesab edirlər ki, vahid dünya höküməti yaranmalı və dünya məhz belə idarə olunmalıdır: “Bunun kiçik örnəkləri var ,məsələn, Avropa İttifaqı modeli, Bilderberq klubu, NATO eyni zamanda USAID kimi yüzlərlə belə təşkilatlar var. Qeyd edilən təşkilatların mondializm nəzəriyyəsinin əsas məqsədi dünyada vahid dünya hökümətinin qurulmasıdır. Bu nəzəriyyənin tərəfdarları hesab edirlər ki, bunun reallaşması üçün kosmik hakimiyyət mütləq şərtdir. Kosmosda gücə nail olmaq və bununla da dövlətləri təzyiq altında saxlamaq üçün daha üstün texnoloji imkanlardan istifadə etməyi düşünürlər”.
Analitik qeyd edib ki, “SPACE X” şirkətinin rəhbəri və qeyd edilən kosmik gücə malik olan İlon Maskın Trampın yanında olması təsadüfi deyil. Əslində Maskın nə üçün Tramp hökümətinə lazım olması faktını Tramp özünün inauqurasiya mərasimində bildirdiyi “Hökmümüz Marsa qədər uzanacaq” ifadəsi ilə ortaya qoyub. İlon Maskın Tramp hakimiyyəti üçün nə qədər önəm daşıdığını anlasaq, daxili qlobal savaşın getdikcə daha dəhşətli xarakter almağa başlayacağını dərk edə bilərik.
Sonda Politoloq diqqətə çatıdırıb ki, Trampın attığı addımlar Birləşmiş Ştatların daxilində baş verəcək daxili qlobal savaşa işarədir və bunun nəticələrinə hazır olmaq lazımdır:
“Bu savaş 2020-ci ildə olduğu kimi qlobal maliyyə təchizatları ilə Amerika hakimiyyətinin savaşı olacaq. Yəni Birləşmiş Ştatlar və dünya əhalisi bu savaşa hazırlıqlı olmalıdır. Trampın hakimiyyətə gəlməsi ilə hər şey bitməyib. USAID-nin ləğv olunma prosesi göstərir ki, əslində qlobal savaş yenidən başlayır bu isə o deməkdir ki, dünya daha ciddi və gözlənilməz təhlükələrlə üz-üzə qalacaq”.
Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) tənqid edən prezident Donald Tramp onu Dövlət Departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırır. Qurumun rəsmi “X” hesabı artıq bağlanıb. İşçilərə isə fevralın 3-də qərərgahın bağlanacağı və yerdə qalan işçilərin distant işləyəcəyi bildirilib. USAID-in azı 56 yüksəkvəzifəli əməkdaşı məzuniyyətə buraxılıb. Xatırladaq ki, bundan öncə Trampın yaxın adamlarından olan biznesmen İlon Mask USAID-i “cinayətkar təşkilat” adlandırmışdı.
Nicat Osman
tag: ABŞ,Təşkilat,USAİD,Tramp,Politoloq,Əli Zülfüqaroğlu,