“USAID hər zaman anti-Azərbaycan mövqeyində olub” - ANALİTİK
Təhlil
04.02.2025 15:57
“ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) hər zaman anti-Azərbaycan mövqeyində olub”.
Siyasi şərhçi Kazım Kazımov bunu TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, USAID təkcə Azərbaycana qarşı deyil, müstəqil siyasət həyata keçirən və beynəlxalq güclərin diktəsi ilə hərəkət etməyən ölkələrə qarşı da dağıdıcı mexanizm rolunda çıxış edib:
“Azərbaycana qarşı “rəngli inqilablar” dövründə USAID-in adı tez-tez hallanmışdı. Vurğulamaq lazımdır ki, USAID-in və onların maşalarının Azərbaycana qarşı planları heç də uğurlu olmayıb”.
Analitikin qənaətincə, bu gün ABŞ-nin yeni administrasiyası USAID-in ABŞ-nin mövqelərini tamamilə zəiflətdiyini yaxşı anlayır:
“Açıq demək lazımdır ki, ABŞ son zamanlarda, xüsusilə Baydenin hakimiyyəti dönəmimdə tez-tez pozucu fəaliyyətlərlə gündəmə gəlib. Tramp administrasiyası isə bunu düzəltməyə çalışır. Xüsusilə yeni administrasiyada aktiv rolu olan İlon Maskın USAID-lə bağlı sərt fikirləri bugünkü administrasiyanın fikirlərini yansıdır. Trampın da görüşlərinin buna yaxın olduğu tez-tez ABŞ mətbuatında vurğulanır. Hesab edirəm ki, USAID ya tamamilə qadağan olunacaq, ya da ABŞ Dövlət Departamentinin nəzdində bu fəaliyyətlərini ciddi şəkildə minimalizə edəcək addımlar atılacaq”.
Qeyd edək ki, USAID-in rəhbəri Samantha Pauerin uzun müddət Azərbaycana qarşı qərəzli mövqeyi sərgiləyib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 17 dekabr 2024-cü ildə “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Trampın USAID-i qadağan edə biləcəyini vurğulamışdı. Prezident eyni zamanda USAID-in, ümumiyyətlə, sıradan çıxa bilmə ehtimalını da qeyd etmişdi.
Qiymət Mahir
tag: Azərbaycan , USAID,Siyasi şərhçi,Kazım Kazımov,ABŞ,Tramp,Todaypress.az,