“Uoltsun çağırışları Ermənistana ünvanlanmalıdır” – POLİTOLOQ

Təhlil

19.03.2025 17:47

1993

“ABŞ prezidentinin müşaviri Mayk Uoltsun sülh sazişinin imzalanması ilə bağlı çağırışı Azərbaycana yox, Ermənistana ünvanlanmalıdır”.

Politoloq Rəşad Bayramov bunu TodayPress-ə danışarkən deyib.

O, Uoltsun Azərbaycan və Ermənistan arasında sülh istiqamətində əldə olunmuş razılaşmanı dəstəkləməsini təqdirəlayiq adlandırıb. 

Ekspert xatırladıb ki, Cozef Bayden hakimiyyəti dövründə ABŞ-nin birtərəfli qaydada Ermənistanı dəstəkləməsi və Azərbaycana yönəlik təzyiqləri Cənubi Qafqazda sülhə töhfə verməyib, əksinə vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Əgər indi ABŞ sülh istiqamətində dəstəyini ifadə edir və Cənubi Qafqazın daha təhlükəsiz və firavan olması üçün birgə işləməyə hazır olduğunu deyirsə, bu yaxşı haldır:   

“Amma Uoltsun bəyanatındakı bəzi çağırışların dəqiqləşdirilməsinə ehtiyac var. Birincisi, o, sülh sazişinin əldə olunması istiqamətində ən böyük maneənin Ermənistan Konstitusiyası və o Konstitusiyada sülh sazişi imzalamağa hazırlaşdıqları Azərbaycana qarşı ərazi iddalarının olduğunu bilməlidir. Əgər Uolts bunları bilərək tez bir zamanda sülh sazişinin imzalanması ilə bağlı çağırış edirsə, o zaman bu çağırış bizə yox, Ermənistana ünvanlanmalıdır. Müvafiq Konstitusiya dəyişikliyinin tez zamanda həyata keçirilməsi üçün Ermənistana təzyiq göstərilməlidir. Yox, əgər Uoltsun çağırışı özündə Konstitusiya dəyişikliyi olmadan sazişin imzalanmasını ehtiva edirsə, o zaman bu, qəbul olunan deyil. Çünki ərazi iddiasının qaldığı halda imzalanacaq hər hansı saziş əhəmiyyətsiz kağız parçası olacaq”. 

R. Bayramov Mayk Uoltsun bəyanatında yer alan məhbus məsələsinə də toxunub. O, bildirib ki, bu istiqamətdə də aydınlaşdırmaya ehtiyac var: 

“Uolts məhbuslar deyəndə kimləri nəzərdə tutur? Söhbət separatçı rejimin liderləri, terrorçular, müharibə cinayətkarlarından gedirsə, Uolts bilməlidir ki, onları məsuliyyətə cəlb etmək təkcə hüququmuz yox, həm də beynəlxalq öhdəliyimizidr. Azərbaycanın qanunları, eləcə də beynəlxaq hüquq və qoşulduğumuz beynəlxaq konvensiyalar terrora və terrorçuluğa qarşı mübarizəni, terrorçuların məsuliyyətə cəlb edilməsini bir öhdəlik olaraq qarşımıza qoyur. Odur ki, onların azadlığa buraxılması ilə bağlı hər hansı bir çağırış bizi cinayətkarları azad etməyə məcbur edə bilməz”.

Qeyd edək ki, Mayk Uolts Cənubi Qafqazda münaqişəyə son qoyulmasının vacibliyini ilə bağlı “X” hesabında paylaşım edib. 

Qiymət Mahir

tag: Rəşad BAyramov,Politoloq,Ermənistan,Azərbaycan,ABŞ,Şərh,Todaypress.az,