Ukraynada seçkilər gündəmdə: Zalujnı Zelenskiyə rəqib olacaq? – ŞƏRH

Təhlil

31.03.2025 18:00

2201

“2022-ci ilin fevralından etibarən Ukraynada hərbi vəziyyət elan olunub və ölkə konstitusiyasına əsasən, belə şəraitdə prezident seçkilərinin keçirilməsi mümkün deyil. Seçkilərin baş tutması üçün əvvəlcə Ukraynada hərbi vəziyyətin ləğv olunması tələb olunur. Bu isə yalnız Ukrayna ilə Rusiya arasında atəşkəs və ya sülh razılaşmasının imzalanmasından sonra mümkündür”.

Politoloq Vəli Əlibəyov bunu TodayPress-ə danışarkən deyib.

Onun sözlərinə görə, bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin sabiq Ali Baş Komandanı Valeri Zalujnının da məsələyə dair susqunluğu normal qəbul edilməlidir:

“Zalujnı bu məsələyə dair hər hansı rəsmi açıqlama vermir. Çünki əgər indidən niyyətini bəyan etsə, bu, onun gələcək siyasi perspektivlərinə zərbə vura bilər. Nəzərə almaq lazımdır ki, o, hərbçidir və hazırda əsas məqsədi Ukraynanın müdafiəsini təşkil etmək, Rusiya işğalının qarşısını almaqdır”.

Ekspertin fikrincə, indi diqqət mərkəzində olan digər əsas sual prezident Volodimir Zelenskinin növbəti seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlıdır. Zelenskinin indiyədək verdiyi bəyanatlara əsasən, ölkədə prezident seçkilərinin keçiriləcəyi təqdirdə o, namizədliyini irəli sürəcək:

“Zelenski bu vaxta qədərki çıxışlarında və müsahibələrində qeyd edib ki, o, heç nədən qorxmur və seçkilər baş tutarsa, iştirak etməyə hazırdır. Lakin o, eyni zamanda bildirib ki, əgər Ukraynanın təhlükəsizliyi təmin olunsa və NATO-ya qəbul prosesi təsdiqlənsə, prezidentlikdən getməyə də hazırdır. Bu şərtlər baş tutmasa və seçkilər elan olunsa, Zelenskinin seçkilərdə iştirak etmək ehtimalı yüksək olacaq”.

Politoloq eyni zamanda Zelenskinin siyasi kursunun mümkün varisi məsələsinə də toxunub. O, qeyd edib ki, dünyada geniş yayılmış təcrübəyə görə, prezident seçkilərində iştirak etmədiyi təqdirdə, öz siyasi kursunu davam etdirəcək şəxs olaraq varis irəli sürə bilər:

“Zalujnı Zelenskinin varisi ola bilərmi? Bu hələlik açıq sualdır. Çünki son aylarda onların münasibətlərində müəyyən gərginlik müşahidə olunur. Məlumdur ki, Zalujnı Prezident Administrasiyasının hərbi əməliyyatlara müdaxiləsindən narazılıq ifadə edib. Bu isə onların arasında müəyyən fikir ayrılıqlarının mövcud olduğunu göstərir. Buna baxmayaraq, əgər Zelenskinin belə bir qərarı olarsa, onlar arasında anlaşma mümkündür”.

Ekspertin sözlərinə görə, hərbçilər hazırda Ukraynada cəmiyyətdə yüksək nüfuza malikdir, lakin bu fakt onların avtomatik olaraq siyasətçi kimi qəbul olunacağı anlamına gəlmir. Analitik xatırladıb ki, Rusiya ilə Ukrayna arasında yaxın zamanlarda sülh əldə olunacağı gözlənilmədiyi üçün seçkilərin keçirilməsi ilə bağlı real perspektivlər də hələlik yoxdur.   

Qeyd edək ki, hazırda Ukraynada prezident seçkiləri keçirilərsə, Ukrayna Silahlı Qüvvələrinin sabiq Ali Baş Komandanı Valeri Zalujnının da namizədliyini irəli sürəcəyi ilə bağlı fikirlər səsləndirilir. Zalujnı Zelenskinin partiyasından namizəd ola biləcəyi və ya ümumiyyətlə seçkilərdə iştirak etməmək qərarına gəlməsi ilə bağlı şayiələrə münasibət bildirərkən bildirib ki, bu məsələ ilə bağlı cavabı dəyişməyib. Müharibə davam edərkən hamı ölkəni qorumaq üçün çalışmalı və seçkilər haqqında düşünməməlidir. 

Qiymət Mahir

tag: Vəli Əlibəyov,Politoloq,Valeri Zalujnı,Ukrayna,Seçki,Zelenski,Todaypress.az,

photo