Ukraynada istefa dalğası: Rusiyaya casusluq edənlər kimlərdir?
Təhlil
04.09.2024 13:20
“Ukrayna hökumətində ard-arda istefaların baş verməsi hakimiyyətin parçalanması kimi təqdim olunmamalıdır”.
Politoloq Natiq Miri bunu Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefasını TodayPress-ə şərh edərkən deyib.
Onun sözlərinə görə, 2022-ci il fevralın 24-dən indiyə qədər yorulanlar, öz işinin öhdəsindən gələ bilməyənlər, ciddi mənada korrupsiyaya bulaşanlar var ki, siyasi komandada onların dəyişdirilməsinə ehtiyac var:
“Buna görə də mən ard-arda hökümətdə baş verən istefaları bir növ yenilənmə kimi dəyərləndirərdim. Əgər həqiqətən də Ukrayna ciddi nəticələr əldə etmək istəyirsə, daha təmiz, bacarıqlı, dinamik və dövlətə sadiq olan şəxslər hökumətdə təmsil olunmalıdırlar. İndi Kiyev bu siyasəti aparır. Bu, əlbəttə ki, Ukraynanı müdafiə edən tərəfdaşları ilə də məsləhətləşdirilmiş bir məsələdir.
Doğrudur, Kulebanın korrupsiyaya bulaşması ilə bağlı haqqında hansısa iddia səsləndirilməyib, ancaq hər bir halda Ukrayna hökumətində yeni nəfəsə ehtiyac var.
Ona görə də Kulebanın istefası məsələsi razılaşdırılıb. Bu yöndə ciddi problem olmayacaq. Dmitri Kulebanı da onun birinci müavini Andrey Sibiqa əvəz edəcək”.
Politoloq Ukraynada baş verən son istefalara diqqət çəkib:
“Xatırlayırsınızsa, bir neçə gün öncə Ukrayna hərbi hava qüvvələrinin komandanı istefaya göndərildi. Bu səbəbsiz deyildi. Bilirsiniz ki, hərbi hava qüvvələri, havadan müdafiə sistemləri koordinasiyalı şəkildə işləyir. Ancaq Ukraynaya verilən F16-nın və onu idarə edən peşəkar pilotun məhz Ukraynadakı havadan müdafiə sistemləri raketi vasitəsilə vurulduğu məlumatı ortaya çıxdı. Bu, ciddi göstəricidir. Bu, həmin sistemlər arasında koordinasiyanın olmadığını göstərir. Sabah yenə çox rahatlıqla Ukraynanın hava hücumları sistemlərindən buraxılan bir raket növbəti bir F16-nı məhv edə bilər. Ona görə zamanla bu cür dəyişikliklərə ehtiyac var”.
Analitik hesab edir ki, Ukrayna uzun müddət Rusiyanın təsiri altında olduğu üçün ölkə daxilində minlərlə Rusiyaya işləyən casuslar var. Məhz belə şəxslərin sıradan çıxarılması üçün Kiyev hakimiyyətinin kadr dəyişikliyini müsbət qiymətləndirmək lazımdır.
Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba avqustun 4-də istefa ərizəsini yazıb. Bundan bir müddət öncə isə Ukraynanın bir neçə dövlət qurumunun rəhbərləri də vəzifələrindən ayrılmaq istədiklərini bəyan ediblər.
Günəş Mərd
tag: Ukrayna, Xarici İşlər Nazirliyi, Rusiya ,Natiq Miri,Dmitri Kuleba ,todaypress.az,