Ukrayna savaşında dəyirmi masa qurulur - Baş köşədə oturmaq istəyənlər kimlərdir? - ŞƏRH

Təhlil

10.09.2024 16:25

“Ukrayna müharibəsində hələ də sülh əldə olunmayıb. Bu da Qərb ilə Rusiya arasında geopolitik qarşıdurmanın davam etməsi deməkdir”. 

Bu sözləri TodayPress-ə verdiyi açıqlamada politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, hazırda müharibədə vasitəçi rolunu oynamaq üçün bir sıra dövlətlər öz maraqları əsasında çıxış edir: 

“İlk günlərdən Türkiyə konstruktiv mövqe nümayiş etdirirək münaqişənin həlli yolunda bir sıra addımlar atıb. Məsələyə tərəfsiz yanaşaraq beynəlxalq hüququn norma və prinsiplərinə əsasən təkliflər irəli sürüb. Çin isə daim Rusiyanın mövqeyini dəstəkləyib və çalışır ki, Moskva Qərb qarşısında zəifləməsin”.

Politoloqun sözlərinə görə, Böyük Britaniya və ABŞ isə konkret olaraq Ukrayna tərəfindən çıxış edib və bu mövqeyini davam etdirməkdədir:

“Hər iki dövlət çalışır ki, Ukrayna Rusiya üzərində qələbə çalsın. Bu isə bir baxımdan onların xeyrinədir. Çünki Vaşinqton və London üçün regionda Qərb qüvvələrinin güclənib, Rusiyanın təsirinin azalması olduqca vacibdir. Buna görə də Ukraynadan hərbi dəstəklərini ilk gündən bu yana əsirgəməyiblər. Brazilya isə BRICS-də Rusiya ilə birgə yer alır. Buna görə də Brazilyanın sülh prosesində çıxış etməsi istisnadır. Çünki adı çəkilən dövlət uzaqda yerləşir və onun vasitəçi olması müharibəyə hər hansısa müsbət nəticə gətirə bilməz”.

Analitikin fikrincə, ən uğurlu variant Türkiyədir. Rəsmi Ankara hər iki tərəfi ortaq məxrəcə gətirə və sülhün əldə olunmasına nail ola bilər.

Töhfə Səməd

tag: Ukrayna ,Rusiya ,Türkiyə,Ankara, BRICS ,todaypress.az,

photo